Bank Of Baku

Viktor Yuşşenko Rusiyanın Qara dəniz donanmasının hərəkətini məhdudlaşdırıb

Viktor Yuşşenko Rusiyanın Qara dəniz donanmasının hərəkətini məhdudlaşdırıb
# 13 avqust 2008 17:07 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko “Rusiya Federasiyasının Qara dəniz donanmasının hərbi qruplaşmalarının Ukrayna ərazisindəki dislokasiya yerindən kənarda hərəkəti ilə bağlı vəziyyətə dair” Milli Təhlükəsizlik Şurasının bu gün qəbul etdiyi qərarı icraya yönəldib. APA-nın məlumatına görə, prezidentin saytında dərc olunan fərmana əsasən Rusiyanın Qara dəniz donanmasının komandanlığı gəmilərin dislokasiya yerindən kənarda hərəkətinə icazə almaq üçün azı 10 gün əvvəl Ukrayna Müdafiə Nazirliyinə müraciət etməlidir. Bu xahişə baxarkən Ukraynanın dövlət orqanları rus donanması komandanlığından əlavə izahat istəyə bilər.

V. Yuşşenko Rusiyanın Ukrayna ərazisindəki Qara dəniz donanmasının gəmilərinin, təyyarələrinin, hərbçilərinin Ukrayna dövlət sərhədlərini keçməsi qaydaları haqqında Milli Təhlükəsizlik Şurasının bu gen qəbul etdiyi qərarı da təsdiqləyib. Qərarda deyilir ki, indiyədək mövcud olmuş sadələşdirilmiş rejim Rusiya tərəfinə Ukrayna sərhədlərini nəzarətsiz keçmək, ölkənin ərazi sularında sərbəst dolaşmaq və Ukrayna dövlət orqanları ilə razılaşdırmadan ölkə sərhədlərindən fiziki şəxslər və yüklər keçirməyə imkan verib: “Belə vəziyyət xüsusən Qara dəniz donanmasına daxil olan hərbi qruplaşmaların üçüncü dövlətə qarşı istifadəsi zamanı Ukraynanın milli təhlükəsizliyinə potensial təhdidlər ehtiva edir”. Qərara əsasən bundan sonra Rusiyanın Qara dəniz donanmasının gəmilərinin və təyyarələrinin Ukrayna dövlət sərhədlərini keçməsi üçün Rusiya tərəfi azı 72 saat əvvəl Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına və Hərbi Dəniz Donanmasına bu barədə məlumat verməlidir. Məlumatda gəmilərdə və təyyarələrdə nə qədər adam, silah-sursat, partlayıcı maddə, hərbi əmlak və təchizat olduğu göstərilməlidir. Ukrayna tərəfi sərhədi keçməyə razılıq verərsə, Rusiya tərəfi sərhədi keçməzdən azı 1 sutka əvvəl Ukrayna Dövlət Sərhəd Xidmətinin Azov-Qara dəniz regional idarəsini və müvafiq gömrük idarəsini bu haqda məlumatlandırmalıdır. Bu tələblərə əməl edilmədiyi təqdirdə həmin təyyarə və ya gəmidən dərhal Ukrayna ərazi sularını və hava məkanını tərk etmək tələb oluna bilər.

Xatırladaq ki, Leonid Kuçmanın dövründə imzalanmış müqaviləyə əsasən Ukrayna Rusiyanın Qara dəniz donanmasının 2017-ci ilə qədər Ukrayna ərazisində qalmasına razılıq verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR