Bank Of Baku

Ukraynada “narıncı koalisiya”nın bərpası ilə bağlı danışıqlar başlayıb

Ukraynada “narıncı koalisiya”nın bərpası ilə bağlı danışıqlar başlayıb
# 25 sentyabr 2008 08:27 (UTC +04:00)
Kiyev – APA. Ukraynada “Yuliya Timoşenko” bloku, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokları və Litvinin bloku arasında yeni koalisiyanın formalaşdırılması ilə bağlı danışıqlar başlayıb. APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, danışıqlarda “Yuliya Timoşenko” blokunu təmsil edən Ali Radanın sədr müavini Nikolay Tomenko ilk görüşün nəticələrindən nikbin olduğunu bildirib: “Buz tərpəndi və üçtərəfli formatda koalisiyanın formalaşdırılması üçün şans yarandı”. N. Tomenko parlamentin növbəti iclasının gündəliyini birgə müəyyənləşdirəcəklərini söyləyib: “İki gün ərzində cəhd edəcəyik ki, üç fraksiya de-fakto koordinəli şəkildə çalışmağa başlasın”.

“Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” fraksiyasının lideri Vyaçeslav Kirilenko isə deyib ki, üçtərəfli koalisiyanın yaradılması ilə xeyli sayda problemin həlli mümkündür. O, koalisiya razılaşmasının imzalanması üçün irəli sürdükləri şərtləri də açıqlayıb. Buna əsasən “Yuliya Timoşenko” bloku Regionlar Partiyası və kommunistlərlə birgə səsvermədən, prezidentin səlahiyyətlərinin azaldılmasını nəzərdə tutan və Viktor Yuşşenkonun veto qoyduğu qanun layihələrini dəstəkləməkdən imtina etməlidir. V. Kirilenko Rusiya-Gürcüstan münaqişəsinə dair ümumi mövqe ortaya qoyulmasını və deputat toxunulmazlığının ləğvini istədiklərini də vurğulayıb.

Hər üç blok bu gün məsləhətləşmələri davam etdirəcək. Sentyabrın 26-da isə hər üç fraksiyanın deputatlarının iştirakı ilə görüş keçiriləcək. “Yuliya Timoşenko” blokunun üzvü Andrey Şkil bildirib ki, görüşə prezident Viktor Yuşenko da dəvət olunmalıdır.
Xatırladaq ki, sentyabrın 2-də “Yuliya Timoşenko” bloku, Regionlar Partiyası və kommunistlərin səsləri ilə prezidentin səlahiyyətlərinin azaldılmasını nəzərdə tutan qanun layihələri qəbul edilib. Həmçinin bu üç fraksiya “Bizim Ukrayna”nın Rusiya-Gürcüstan müharibəsi ilə bağlı təklif etdiyi bəyanatı dəstəkləməyib. Bundan sonra “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” bloku koalisiya hökumətindən çıxdığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR