Bank Of Baku

Gürcüstan Milli Elmlər Akademiyasında "Min bir Azərbaycan bayatısı" adlı kitabın təqdimatı keçirilib

Gürcüstan Milli Elmlər Akademiyasında "Min bir Azərbaycan bayatısı" adlı kitabın təqdimatı keçirilib
# 30 sentyabr 2010 01:56 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Sentyabrın 29-da Gürcüstan Milli Elmlər Akademiyasında (GMEA)"Min bir Azərbaycan bayatısı" adlı kitabın təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri GMEA-nın prezidenti Tamaz Qamkrelidze açaraq bu kitabın Azərbaycan səfirliyinin təşəbbüsü və dəstəyi ilə nəşr olunduğunu və gürcü və Azərbaycan oxucusuna qiymətli bir töhfə və hər iki millət arasındakı dostluğun bariz nümunəsi olduğunu vurğulayıb. Sonra təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan şöbəsinin rəhbəri Rafiq Hümbət, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradze və başqaları çıxış ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev jurnalistlərə bildirib ki, "Min bir Azərbaycan bayatısı" kitabı çox maraqlı nəşrdir. "Kitab iki dildə-həm Azərbaycan, həm də gürcü dilində nəşr olunub. Tərcümənin müəllifi tanınmış gürcü tərcüməçisi Zezva Medulaşvilidir. Onun tərcüməsi mütəxəssislərin fikrincə kifayət qədər peşəkar və yüksək səviyyədədir. Buna görə də bu kitabın təqdimatı Gürcüstan Milli Elmlər Akademiyasında keçirildi. Burada olan çıxışlar Azərbaycan mədəniyyəti və tarixinə olan məhəbbətin, eyni zamanda iki tərəfli münasibətlərin yüksək səviyyədə olduğunun sübutudur. Mən Zezva Medulaşviliyə və bu kitabdakı bayatıların toplanmasında olan xidmətlərinə görə AYB-nin Gürcüstan şöbəsinin rəhbəri Rafiq Hümmətə minnətdarlığımı bildirirəm".

Gürcü tərcüməçisi Zezva Medulaşvili APA-ya açıqlamasında bildirib ki, o, tərcümə ilə 45 ildir ki, məşğuldur. "Gürcü folklorunu çox sevirəm. Bu səbəbdən Azərbaycan folklorunu da sevdim. Azərbaycan yazıçılarının əsərlərini tərcümə edəndə hərdən bayatılıları da tərcümə etməyə başladım. Əvvəlcə 50, sonra 100 və yavaş-yavaş artırıb 1000 bayatı tərcümə etdim. Bayatı-dərin mənalıdır. Azərbaycanlılar üçün bayatı bir incidir. Bu dörd misrada deyilən fikirlər böyük məna kəsb edir. Mən tərcüməçiyəm. Amma bayatını tərcümə etmək çətindir. Tərcümədə gərək məhəbbət və peşəkarlıq, həm də istedad birləşsin. Mənim tərcümələrim barədə oxucu öz fikrini bildirməlidir. Onu da qeyd edim ki, mən bu əsərləri peşəkarlıqla, sevə-sevə, məhəbbətlə tərcümə etmişəm."

Xatırladaq ki, Zezva Medulaşvili keçən il Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib. O, həm də AYB-nin Nəcəf Nəcəfov adına mükafatına layiq görülüb.

Tədbirdə Gürcüstan parlament sədrinin müavini, həm də GMEA-nın vitse-prezidenti Fridon Todua, parlamentin deputatı Azər Süleymanov, məşhur gürcü akademikləri və ədəbiyyatşünasları, dil üzrə mütəxəssislər və azərbaycanlı ziyalılar, jurnalistlər, məktəb direktorları, teatr işçiləri iştirak ediblər.

"Min bir Azərbaycan bayatısı" kitabı Tiflisdə fəaliyyət göstərən "Universal" nəşriyyatı tərəfindən 11 çap vərəqi həcmində 2000 tirajla buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR