Bank Of Baku

Gürcüstan paytaxtında 8 məktəb direktoru vəzifəsindən azad edilib

Gürcüstan paytaxtında 8 məktəb direktoru vəzifəsindən azad edilib
# 09 noyabr 2010 22:51 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Noyabrın 9-da Gürcüstan paytaxtında məktəblilər attestasiya imtahanlarının keçirilməsi əleyhinə etiraz aksiyası keçiriblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan təhsil və elm nazirliyi məktəblilərin etiraz aksiyasına münasibət bildirib. Məlumata görə, aksiyadan sonra etiraz bildirən məktəblilərin təhsil aldığı məktəblərin direktorları təhsil nazirliyinin baş müfəttişliyinə çağırılıb və onlardan 8 nəfəri işdən azad edilib. Müfəttişlikdə digər məktəb direktorlarına və şəxsi məktəb müəllimlərinə informasiya verilib ki, əgər onların məktəblərində də belə hallar baş versə və onların şagirdləri də etiraz aksiyalarında iştirak etsələr, həmin məktəblərin lisenziyaları 12 saat ərzində dayandırılacaq. Bundan başqa, təhsil və elm naziri resurs mərkəzlərinin rəhbərlərinə xəbərdarlıq edib ki, onlar digər məktəblərin direktorlarını da mövcud durumla bağlı məlumatlandırsınlar. Əgər onların məktəblərində də belə hadisələr qeydə alınsa, təhsil nazirliyinin göstərişinə görə, onlar da direktor vəzifəsindən azad ediləcəklər.

«Bütün etiraz aksiyalarına baxmayaraq məktəblərdə buraxılış imtahanları keçiriləcək». Bu sözləri noyabrın 9-da Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkin jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, 2011-ci ilin may ayında məktəb attestatı almaq üçün imtahanlar həyata keçiriləcək: «Məktəblərdə xüsusi testlərin keçirilməsinə görə, məlum olub ki, buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin 95 faizi bu imtahanları vermək imkanına malikdir. Buna baxmayaraq biz imtahanların səviyyəsini ən aşağı bilik səviyyəsinə endirmişik. Çünki bu həm bizim üçün, həm də məktəblilər üçün ilk test imtahanlarıdır».

Nazirin sözlərinə görə, bu səviyyə gələcəkdə yuxarı qaldırılacaq. O, eyni zamanda qeyd edib ki, buraxılış imtahanları məzunlar üçün qaçılmazdır və bu qərar Gürcüstandakı məktəblərdə maarifin səviyyəsini qaldırmaq üçün qəbul olunub. "Eyibdir ki, attestat tələb edirlər, amma istənilən bilik səviyyəsi yoxdur. Bizim məktəblərimiz əyləncə və diskoteka klubları deyil», deyə nazir bildirib.

Dmitri Şaşkin jurnalistlərə bildirib ki, əgər məktəblilərin etirazlarının arxasında hansısa siyasi qüvvələr durursa, bu onlar üçün özlərini rüsvay etməkdir: «Çünki onların bütün siyasi imkanları tükənib. Bir çox siyasi subyektlər, görünür məktəblilərdən istifadə etməklə dirçəlmək istəyirlər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR