Kalininqradda "Rosatom" rəhbəri Aleksey Lixaçevla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi arasında məsləhətləşmələr keçirilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, məsləhətləşmələrdən sonra "Rosatom" rəhbəri Zaporojye AES-in təhlükəsizliyinin hazırda tam nəzarət altında olduğunu və əlavə planlaşdırılmamış tədbirlər tələb etmədiyini bildirib.
Lixaçov qeyd edib ki, "Rosatom" Rostexnadzordan bu il Zaporojye AES-in birinci və ikinci bloklarının istismarını uzatmaq üçün lisenziyalar almağı planlaşdırır.
Lixaçov vurğulayıb ki, "Rosatom" və AEBA arasında Zaporojye AES üzrə əməkdaşlıq güclənir.
O, ötən gecə Novovoronej AES-ə səkkiz dron hücumu həyata keçirildiyini də vurğulayıb: "Dağıntılar stansiyanın əsas paylayıcı qurğusuna zərər vurub, üç bloku şəbəkədən ayırıb və onların gücünü 50%-dən aşağı salıb. Dünən günorta təmirdən sonra stansiya nominal layihə gücünə qaytarılıb".