Rusiya və ABŞ xüsusi xidmət orqanlarının nümayəndələri arasında təmaslar daim həyata keçirilir.
APA-nın Moskva bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley sammitindən sonra keçirilən mətbuat konfransında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya son səfərini şərh edərkən bildirib.
“Əlaqələr həmişə mövcuddur, həmişə olub. Hətta Soyuq müharibə dövründə belə... Biz istənilən danışıqların, ilk növbədə, konkret məzmunla doldurulmasının tərəfdarıyıq”, – deyə Rusiya Prezidenti bildirib.
Putin, həmçinin Ukrayna ilə bağlı danışıqların hazırda dondurulduğunu qeyd edib.
Bununla belə, Rusiya Prezidenti ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin Rusiya üçün hər zaman xoş qarşılanan qonaqlar olduğunu vurğulayıb.