Rusiyada iyul ayının əvvəlindən bəri Aİ-95 markalı benzininin qiyməti 24% artıb.
APA-nın Moskva bürosu xəbər verir ki, Aİ-92 markalı benzin qiyməti 20% artaraq litri 70,5 rubla, Aİ-95 24% artaraq litri 77,5 rubla, Aİ-98 32% artaraq litri 119,5 rubla, Aİ-100 isə 13% artaraq litri 94,5 rubla çatıb.
Dizel yanacağı isə 11% artaraq litri 88 rubla bərabər olub.
"Kommersant" nəşri yazır ki, artan qiymətlər fonunda insanlar daha ucuz yanacaq növlərini seçirlər. Aİ-92 benzininin alışı 10% artıb, Aİ-95 və Aİ-98 benzinlərinin satışı isə 13% və 18% azalıb. Bu arada, dizel yanacağına tələbat 28%, maye qaza tələbat 17% artıb və Aİ-100 ən sürətlə artan yanacağa çevrilib, alışlar isə 37% artıb.
Ekspertlər yaxın zamanda qiymət enişinin gözlənilmədiyini bildiriblər. Onların fikrincə, qiymət artımı təkcə mövcud yanacaq çatışmazlığı ilə deyil, həm də aksiz vergilərinin illik indeksləşdirilməsi və dolayı vergilərin təsiri ilə bağlıdır. Tələbat artımı azaldıqdan sonra da ekspertlər qiymətlərdə ciddi azalma olmayacağını hesab edirlər.
Qeyd edək ki, Ukraynanın Rusiyanın neft emalı zavodlarına ardıcıl dron hücumlarından sonra ölkədə yanacaq böhranı yaşanır. Rusiya Baş nazirinin müavini Aleksandr Novak da Rusiyada yanacaq çatışmazlığı barədə məlumat verərək, bunu neft emalı zavodlarına edilən hücumlarla əlaqələndirib.