Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ötən gecə Rusiyanın Rostov vilayəti və Krasnodar diyarında yerləşən bir sıra mühüm sənaye və enerji obyektlərinə hücum edib.
UNIAN xəbər verir ki, bu barədə Rusiya rəsmiləri və yerli teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Rostov vilayətində yerləşən Taqanroq limanındakı "Kurqannefteprodukt" neft terminalında yanğın baş verib. Terminal dəmir yolu ilə daşınan neft məhsullarının dəniz gəmilərinə yüklənməsi üzrə ixtisaslaşıb.
Azov şəhərində isə iki fərqli ərazidə yanğın qeydə alınıb. İlkin məlumata əsasən, Azov neft bazasına zərbə endirilib. Bundan başqa, Azov Optik-Mexanika Zavodu və ya "DonTerminal" MMC-yə məxsus neft bazasının da hücuma məruz qaldığı bildirilir. Azov Optik-Mexanika Zavodu Rusiyanın müdafiə sənayesi üçün məhsullar istehsal edir.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, Taqanroq və Azov şəhərləri üzərində təxminən 35 pilotsuz uçuş aparatı məhv edilib.
"Azovda PUA hücumu nəticəsində neft məhsullarının saxlanıldığı iki obyektdə yanğın baş verib. Taqanroqda isə dəniz limanının ərazisində yanğının söndürülməsi işləri davam edir", – deyə Slyusar bildirib.
Taqanroq şəhərinin rəhbəri Svetlana Kambulova fövqəladə vəziyyət zonasından insanların təxliyəsinə başlanıldığını açıqlayıb.
"Şəhərdə pilotsuz uçuş aparatı təhlükəsi davam edir. Hazırda evləri fövqəladə vəziyyət zonasına düşən sakinlər operativ şəkildə təxliyə olunur", – deyə Kambulova bildirib.
Yerli mənbələrin məlumatına görə, Krasnodar diyarında yerləşən İlski Neft Emalı Zavodu da PUA hücumuna məruz qalıb. Bu müəssisə Rusiyanın Cənub Federal Dairəsinin ən iri neft emalı zavodlarından biridir və illik emal gücü təxminən 6,6 milyon ton neft təşkil edir. Zavod qaz benzini, birbaşa emal benzini, mazut və dizel yanacağı istehsal edir.
Bundan başqa, Mıxaylovsk şəhərində yerləşən "Lukoyl-Yuqnefteprodukt" neft bazasının da hədəfə alındığı barədə məlumatlar yayılıb.