Sentyabrın 15-nə keçən gecə Ukrayna hərbçiləri Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərinə kütləvi raket zərbələri endirib.
APA xəbər verir ki, nəticədə “Ozon” şirkətinin anbarında və Q. Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksində yanğın baş verib.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, hücum nəticəsində iki çoxmənzilli və üç fərdi yaşayış evinin, təhsil müəssisəsinin və kommersiya obyektinin şüşələri sınıb, qaz xətti, kənd təsərrüfatı müəssisələrinin anbarları, ərzaq mağazası və “Ozon” anbarı zərər görüb.
Qeyd edək ki, Q. Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksində hərbi təyyarələrin təmiri və modernləşdirilməsi həyata keçirilir.
Bundan başqa, Ukrayna PUA-larının Samara vilayətindəki Sızran neft emalı zavoduna da hücum etdiyi bildirilir. Hücumdan sonra müəssisənin sənaye zonasındakı bir neçə ərazidə yanğın qeydə alınıb.
“Sızran” NEZ “Rosneft” şirkətinin strukturuna daxildir və ildə təxminən 7-8,9 milyon ton neft emal etmək gücünə malikdir. Müəssisədə benzin, dizel və aviasiya yanacağı, mazut, bitum və digər neft məhsulları istehsal olunur.
Məqalədə qeyd olunur ki, Q. Beriyev adına Taqanroq kompleksi daha əvvəl də hücuma məruz qalıb. 2025-ci il noyabrın 25-nə keçən gecə baş verən hücum nəticəsində kompleksin ərazisində saxlanılan iki eksperimental A-60 və A-100LL təyyarəsinin vurulduğu bildirilib.