Qara dənizdə Novorossiysk yaxınlığındakı Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) dəniz terminalı ərazisində daha iki neft tankerinin pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qaldığı bildirilir.
APA xəbər verir ki, bu barədə XBKK-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iyulun 30-da gecə saatlarında Marşal Adaları bayrağı altında üzən və "Tengizchevroil" (Chevron) şirkətinin neftini yükləyən "NIFFOS SIFNOS" tankeri XBKK-nın VPU-3 yükləmə qurğusunda hücuma məruz qalıb.
Şirkətin bildirdiyinə görə, PUA zərbəsi nəticəsində tankerin yük göyərtəsində neft qəbulu üçün nəzərdə tutulan hissədə yanğın baş verib. Yanğın gəmi heyəti və XBKK-nın üç yardımçı gəmisinin iştirakı ilə söndürülüb.
XBKK qeyd edib ki, hadisə nəticəsində şirkətin və podratçı təşkilatların əməkdaşları arasında ölən və ya xəsarət alan olmayıb. Həmçinin neft sızmasına yol verilmədiyi, tankerin üzmə qabiliyyətini saxladığı və dəymiş ziyanın qiymətləndirildiyi bildirilib.
Şirkətin məlumatına əsasən, insidentdən sonra neftin yüklənməsi yenidən dayandırılıb. Bununla yanaşı, boru kəməri sisteminin digər obyektlərinin normal rejimdə fəaliyyət göstərdiyi vurğulanıb.
XBKK həmçinin bildirib ki, dəniz terminalından təxminən 6 dəniz mili məsafədə, Men adası bayrağı altında üzən və neft yükləmək üçün terminala yaxınlaşan "MARATHI" tankeri də PUA hücumuna məruz qalıb.
Məlumatda hücumlara görə məsuliyyət daşıyan tərəf göstərilməyib və hadisə ilə bağlı digər tərəflərin mövqeyi hələlik açıqlanmayıb.