Bakı-APA. Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (The International Institute for Strategic Studies, IISS) illik hesabatının məlumatına görə, Ermənistanın illik hərbi xərcləri 400 milyon dollar təşkil edir. APA-nın xəbərinə görə, hesabatda qeyd olunub ki, 2011-ci ildə Ermənistan hərbi ehtiyaclarına 396 milyon dollar sərf edib, 2012-ci ildə isə hərbi xərcləri 394 milyon dollar təşkil edib.
Sənəddə qeyd olunub ki, Azərbaycanın hərbi büdcəsi müqayisə olunmaz templərlə artır. İl ərzində Azərbaycanın hərbi xərcləri 100 milyon artaraq, 2011-ci ildə təşkil etmiş 1 milyard 680 milyon dollardan 1 milyard 777 milyona yüksəlib.
Hesabat müəllifləri qeyd edir ki, ümumilikdə Ermənistan hərbi xərclərə ÜDM-in 4 faiz, Azərbaycan isə - 2,5 faizini sərf edir.
Hesabatda qeyd olunur ki, Ermənistanın hərbi konsepsiyası, bütövlükdə, Rusiyanın ciddi təsiri altındadır. Ermənistan Silahlı Qüvvələrini təhlil edən analitiklər silahlı qüvvələrin ən zəif yeri kimi Hərbi-Hava Qüvvələri qeyd edirlər. “Ermənistanın Hərbi-Hava Qüvvələrinin əsas problemi onların xidmət göstərilməsi və onların ümumi effektivliyi məsələsidir. Məhz bu baxımdan Rusiya Ermənistanın hava məkanının mühafizəsini icarəyə götürülmüş aviabazanın vasitəsiylə həyata keçirir”, deyə hesabatda qeyd olunur.
Ermənistan ordusunda həyata keçirilən islahatlara gəlincə, ekspertlər qeyd edib ki, islahatların əsas məqsədi müqavilə əsasında qulluq edən hərbçilərin sayının artırılması və alınan silahların keyfiyyətinin artması ilə bağlıdır. “Bununla belə, təlimlərin səviyyəsini və şəxsi heyətin peşəkarlığını artırmaq kimi struktur dəyişikliklər etmək cəhdləri ciddi problemlərlə üzləşir”.
Eyni zamanda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun ekspertləri qeyd edir ki, 2013 ildə Ermənistanın hərbi büdcəsi 170 milyard dram təşkil etməsinə və ölkənin silah ehtiyatlarının yenilənməsinə və müasirləşdirilməsinə yönələn ciddi vəsaitlərə baxmayaraq, Ermənistan Silahlı Qüvvələri yeni texnika ilə təchiz səviyyəsinə görə hələ çox geridədir. Bu çatışmazlıqlar əsasən korrupsiya halları və Ermənistan Müdafiə Nazirliyində maliyyə idarəçiliyinin aşağı səviyyəsi ilə bağlıdır.
Ermənistan və Azərbaycan ordularının təmas xəttindəki vəziyyətə gəlincə isə hesabat müəllifləri qeyd edib ki, 2012-ci ildə münaqişə zonasında gərginlik ən azı 2 dəfə (yazda və yayda) kəskin şəkildə artıb, lakin bu hərbi əməliyyatların başlanmasına gətirib çıxarmayıb.