APA-nın xəbərinə görə, bu barədə məlumat Kiyev şəhər dövlət administrasiyanın saytında yerləşdirilib. Şəhər rəhbərliyi bildirir ki, sutka ərzində Ukrayna paytaxtında 50 mm qar yağıb. Bu aylıq normadan 3 mm çoxdur.
Kiyevin administrasiyası kommunal xidmətlərə fasiləsiz olaraq metro stansiyalarının girişlərini, yeraltı keçidlərin pilləkənlərini, xəstəxana və mağazalara yaxın əraziləri qardan təmizləməyi tapşırıb. Yerüstü nəqliyyatda yaranan problemlər səbəbindən metroda qatarların intervalı azaldılıb.
Ukrayna paytaxtında qarlı və çovğunlu hava dünəndən müşahidə olunur. Yolda qalan avtomobilləri xilas etmək üçün 550-dək hərbçi də cəlb olunub.
Ukrayna Hidrometeoroloji mərkəzin proqnozuna əsasən, belə hava şənbə günü də müşahidə olunacaq, küləyin sürətin saniyədə 17-22 metr təşkil edəcək. Lakin bazar günü yağıntılar kəsiləcək, küləyin sürəti saniyədə 7-12 metrədək düşəcək.
Eyni vəziyyət ölkənin qərb vilayətlərində də müşahidə olunur. Ukraynanın şərqində və cənubunda isə yağışlar yağır.