Bakı-APA. Mahaçqalanın Daxili İşlər İdarəsinin başçısının müavini, şəhər polisinin rəisi Raip Aşikov “Şəhərsukanal”ın direktoru Məhəmmədhacı Əliyevin 2011-ci ildə törədilmiş qətlinə aidiyyəti olub-olmadığı müəyyənləşənədək tutduğu vəzifədən kənarlaşdırılıb.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, agentliyin hüquq-mühafizə orqanlarındakı mənbəsi qeyd edib ki, Mahaçqala polisinin rəisi işdən məhz istintaq çərçivəsində kənarlaşdırılıb. Bütün materiallar İstintaq Komitəsinin regional idarəsinə göndərilib.
Məhəmmədhacı Əliyev 2011-ci ilin mayında Dağıstatın Kaspiysk şəhərində qətlə yetirilib. O aldığı güllə yaralarından hadisə yerində keçinib. Hüquq-mühafizə orqanlarındakı mənbə qeydə edib ki, Əliyevin qətli ilə bağlı Kizlər şəhərinin prokurorunun köməkçisi də saxlanılıb. Mahaçqala Daxili İşlər İdarəsində bildiriblər ki, Raip Aşikov xidməti yoxlama bitənədək vəzifəsindən kənarlaşdırılıb.