Sankt-Peterburq metrosunda partlayış nəticəsində yaralananların təxliyə edilməsi prosesi başa çatıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, əməliyyata helikopterlər cəlb olunub.
Sankt-Peterburq qubernatorunun mətbuat katibi Andey Kibitov bildirib ki, hadisə nəticəsində 50 nəfər yaralanıb.
Milli Antiterror Mərkəzindən isə hadisə nəticəsində ölənlərin və yaralananların olduğunu təsdiqləyiblər, lakin rəqəm açıqlanmayıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, partlayış nəticəsində çoxlu sayda yaralanan var. Onların sözlərinə görə, partlayış qatar hərəkətə başlayan zaman baş verib.
Hadisə şahidi Yuliya Vareyeva bildirib ki, partlayış nəticəsində vaqonun döşəməsinin lyuku yerindən çıxıb və sonra tüstülənmə başlayıb.
Qeyd edək ki, Peterburq metrosunda stansiyalar bağlanıb.
*** 16.16
Sankt-Peterburq şəhərinin metropolitenində partlayış baş verib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, partlayışın terror aktı nəticəsində baş verdiyi istisna olunmur.
Partlayışın “Texnoloji institut” stansiyasında baş verdiyi bildirilir. Digər stansiyada isə şübhəli əşyanın tapıldığı deyilir. İki yerdə partlayış olub, 7 stansiya bağlanıb.
Hadisə barədə Rusiya prezidenti Vladimir Putinə məruzə olunub. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparır. Danışıqlar dayandırılmayıb.