Rusiya Milli Antiterror Komitəsi Sankt-Peterburqda metroda baş verən terror aktı nəticəsində ölən və yaralıların sayı haqqında yeni məlumat açıqlayıb.
APA-nın Rusiya bürosunun məlumatına görə, MAK terror aktı nəticəsində 11 nəfərin öldüyünü, 45 nəfərin isə yaralandığını bildirib.
Qeyd edək ki, bu gün günorta saat 14:40 radələrində Peterburq metropoliteninin "Texnoloji institut" və Sennaya ploşşad" stansiyaları arasında vaqonda partlayış baş verib.
Bundan başqa MAK Peterburq metorpoliteninin "Ploşşad Vostaniya" stansiyasında da əldəqayırma partlayıcı qurğu aşkarlıyıb. Partlayıcı zərərsizləşdirilib.
Rusiya İstintaq Komitəsi məlum hadisəni terror aktı kimi qiymətləndirib. Fakta bağlı terror aktı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Sankt-Peterburq rəhbərliyi şəhərdə 3 günlük matəm elan edib.
***
19:03
Rusiya səhiyyə naziri Veronika Skvortsova Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində ölən və yaralananların sayını açıqlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, nazir bildirib ki, partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.
O da məlum olub ki, yaralananlardan iki nəfər xəstəxanada keçinib. Mariinskaya xəstəxanasından verilən məlumata görə, partlayış nəticəsində yaralanan 11 nəfərdən ikisi kliniki ölüm keçirib: "Kliniki ölüm vəziyyətində olanlar keçinib. İki nəfər hazırda əməliyyatdadır, qalanları isə müxtəlif şöbələrə yerləşdirilib".
*** 18.07
Rusiya Milli Antiterror Komitəsi (MAK) Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölən və yaralıların sayını açıqlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, MAK partlayış nəticəsində 9 nəfər öldüyü, 20 nəfər yaralandığını təsdiqləyib.
Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko isə bildirib ki, metroda partlayış nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb.
Qeyd edək ki, bəzi mənbələr partlayış nəticəsində 10 nəfərin öldüyü, 50 nəfərin yaralandığı barədə məlumat yayıb.