Bakı-APA. Ukraynanın “UDAR” müxalifət partiyası hökumətin Avropa Birliyi ilə assosiasiya haqqında sazişin bağlanmasına hazırlıq prosesinin dayandırılmasına dair verdiyi qərarı ilə bağlı cinayət işinin açılması tələbi ilə Baş Prokurorluğa müraciət hazırlayır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu partiyanın lideri, boks üzrə dünya çempionu Vitali Kliçko bəyan edib.
“Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanın bağlanmasına hazırlıq prosesinin dayandırılması barədə qərar verməklə hökumət və baş nazir Ukraynanın daxili və xarici siyasətinin əsasları haqqında qanunu pozub və xidməti səlahiyyətlərini aşıblar. Buna görə cinayət məsuliyyəti nəzərdə tutulur”, deyə siyasətçinin bəyanatında bildirilir.
Kliçko baş naziri və prezident Viktor Yanukoviçi belə bir qərarın səbəblərinin açıqlanması üçün parlamentdə izahat verməyə çağırıb. Onun sözlərinə görə, prezident Viktor Yanukoviç “avrointeqrasiyanın pozulmasına görə şəxsən məsuliyyət daşıyır”.
Kliçko zamanın dövlət rəhbərliyi üçün bu andan etibarən geriləməyə başladığını bildirərək hakimiyyəti “dəyişəcəyinə” söz verib.