APA-nın Ukrayna mənbələrinə istinadən verdiyi xəbərə görə, bu sözləri hazırda həbsdə olan sabiq baş nazir Yuliya Timoşenko Kiyevdə keçirilən kütləvi aksiyanın iştirakçılarına müraciətində yazıb. Y. Timoşenkonun məktubunu paytaxtın Avropa Meydanında keçirilən mitinqdə onun qızı Yevgeniya oxuyub.
Y. Timoşenko bildirib ki, diktaturanın qurulmaqda olduğu ölkədə güclü olmaq və sıx birləşib fəaliyyət göstərmək lazımdır: “Diktatordan azadlıq gözləmək sadəlövhlükdür və təhlükəlidir. Gözləməyin, xahiş etməyin, hərəkətə keçin və qalib gəlin!”
Keçmiş baş nazirin fikrincə, hakimiyyəti noyabrın 29-da keçiriləcək Vilnüs sammitində assosiasiya sazişini imzalamağa məcbur etmək lazımdır, əks halda onlar heç vaxt bu sənədi imzalamayacaqlar: “Avropa liderləri bunu başa düşdükləri üçün Ukrayna üçün qapıları son dəqiqəyə qədər açıq qoyublar. Qərarı Yanukoviç verməlidir”.
Y. Timoşenko insanları hər gün Yanukoviçə təzyiqi artırmağa çağırıb.