Ukrayna Prezidenti Volodimir Zelenski Volqoqraddakı Rusiyanın "Titan-Barikadı" hərbi müəssisəsinin Ukraynanın "Flaminqo" raketləri ilə vurulduğunu açıqlayıb.
APA xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında paylaşım edib.
"Bu, düşmənin artilleriya sistemləri və xüsusi hərbi texnika, o cümlədən xalqımıza zərbələr endirmək üçün istifadə olunan raket buraxılış qurğularının elementlərini istehsal etdiyi iri sənaye kompleksidir. Zavodun ərazisinə dəqiq zərbə endirilib, nəticədə yanğın baş verib", - deyə Ukrayna Prezidenti bildirib.
Zelenski vurğulayıb ki, Ukraynaya qarşı müharibəyə xidmət edən Rusiyanın hər bir müdafiə sənayesi obyekti Ukraynanın uzaqmənzilli zərbələri üçün qanuni hərbi hədəf hesab olunur.
***
10.42
Rusiyanın Volqoqrad şəhəri iyulun 27-nə keçən gecə raket hücumuna məruz qalıb.
"Unian" xəbər verir ki, yerli sakinlər şəhərdə güclü partlayış səslərinin eşidildiyini və zərbələrdən sonra yanğının baş verdiyini bildiriblər.
OSINT analitiklərinin məlumatına görə, hücumun hədəfi Rusiyanın hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biri olan "Titan-Barikadı" zavodu olub. Bildirilir ki, həmin müəssisədə "İsgəndər-M", "Topol-M" və "Yars" raket kompleksləri istehsal edilir.
Sosial şəbəkələrdə hücum zamanı raketin uçuşunu əks etdirdiyi iddia olunan videogörüntülər yayılıb. ASTRA nəşrinin məlumatına görə, zərbələr, ehtimal ki, Ukraynanın uzaqmənzilli "Flaminqo" qanadlı raketləri ilə endirilib. Lakin bu məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov gecə saatlarında Ukrayna raketlərinin Volqoqrada hücum etdiyini təsdiqləyib. Onun sözlərinə görə, şəhərin Krasnooktyabr rayonunda yerləşən sənaye müəssisələrindən birinin istehsal obyektlərinə ziyan dəyib.
"İlkin məlumata görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb", - deyə qubernator bildirib.
Qeyd edək ki, "Titan-Barikadı" zavodu da məhz Volqoqradın Krasnooktyabr rayonunda yerləşir.