Bakı. Cavid Zeynallı - APA. İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Jose Luis Diez Juarez Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun direktoru Afaq Məsud dünya ədəbiyyatı incilərinin tərcüməsi və Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması istiqamətində görülən işlərdən, dil və tərcümə sahəsində aparılan islahatlardan, Azərbaycanda ispan ədəbiyyatına olan böyük maraqdan danışıb:
“Azərbaycan oxucusunda ispan ədəbiyyatına olan sevgini böyük ispan ədibləri – Migel de Servantes, Kamilo Xose Sela, Federiko Qarsiya Lorka, Eduardo Mendosa kimi qələm sahibləri oyadıb. Düşünürəm, Migel Delibesin ilk dəfə nəşr olunmuş irihəcmli “Seçilmiş əsərləri” də Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacaq”.
Səfirliyin bu günədək mədəniyyət sahəsində fəaliyyətinin, əsasən ispan dilində lüğətlərin tərtibinə yönəldiyini bildirən Jose Luis Diez Azərbaycan-İspaniya əlaqələrinin möhkəmlənməsində tərcümənin əsaslı rolunu xüsusi qeyd edib.
Xalqlararası anlaşmada ədəbiyyatın əhəmiyyətini vurğulayan müvəkkil yaxın gələcəkdə ispan şairlərinin əsərlərindən ibarət toplunun Azərbaycan dilinə tərcümə və nəşr edilməsi, Azərbaycan ədəbiyyatının İspaniyada tanıdılması ilə bağlı təkliflərini irəli sürüb.