Bank Of Baku

“Jurnalistlərin sosial problemlərinin yaranması, səbəbləri və çıxış yollarının araşdırılması” mövzusunda dəyirmi masa keçirilib

“Jurnalistlərin sosial problemlərinin yaranması, səbəbləri və çıxış yollarının araşdırılması” mövzusunda dəyirmi masa keçirilib
# 08 iyul 2008 11:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə “Jurnalistlərin sosial problemlərinin yaranması, səbəbləri və çıxış yollarının araşdırılması” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, JuHİ-nin sədri Müşfiq Ələsgərov ölkədə qiymət artımının jurnalistlərin həyat şəraitini çətinləşdirdiyini bildirib: “Keçirilən sorğu nəticəsində bəlli olub ki, Azərbaycanda jurnalistlərin orta əməkhaqqı 200 manat məbləğindədir. Jurnalistlərin səksən faizi isə yataqxanalarda və kirayə evlərdə yaşayır”. İqtisadçı Vüqar Bayramov mətbuat orqanlarının reklam bazarından yetərincə bəhrələnə bilmədiyini söyləyib. “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili problemin həllinin kənarda axtarılmasının düzgün olmadığını deyib. Onun fikrincə, mətbuat orqanlarının özləri əməkdaşlarının problemlərinin həllində aktivlik nümayiş etdirməlidir. “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı hesab edir ki, jurnalistlər problemlərini cəmiyyətin qarşılaşdığı problemlərdən fərqləndirməməlidirlər. Jurnalist Azər Həsrət media mənsublarının həmrəyliyinin vacibliyini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə məsələnin ictimailəşdirilməsinin zəruriliyini vurğulayıb: “Bu barədə mütəmadi danışmaq yox, konkret addım atmaq lazımdır. Məsələn, təklif edirəm ki, sabahkı qəzetlərin əsas yazısı bu tədbir olsun və burada səslənən fikirlər geniş şəkildə əksini tapsın”. “Ədalət” qəzetinin redaktoru Ceyhun Musaoğlu isə deyib ki, kim nə qədər işləyir, o qədər də məvacib alır: “APA İnformasiya Agentliyinin əməkdaşları bütün gün ora-bura qaçıb, informasiya axtarırlar. Amma qəzet müxbirlərinin əksəriyyəti telefonla müsahibə götürür. Telefonla müsahibə götürən niyə çox maaş almalıdır?” Müzakirələrə yekun vuran Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərin sosial problemlərinin həlli qurumu maraqlandıran məsələlərdən biridir: “Artıq Mətbuata Dövlət Dəstəyi Proqramının layihəsi hazırdır. Sənəddə mətbuat orqanlarının problemləri öz əksini tapıb. Reklam bazarının inkişaf etdirilməsi ilə bağlı məsələ araşdırılır. Mənzil problemi də müzakirə mövzusudur. Bu istiqamətdə bütün təklifləri dinləməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR