Bank Of Baku

Milli Mətbuat Gününə həsr olunmuş “Media və gənclik” mövzusunda dəyirmi masa keçirilib

Milli Mətbuat Gününə həsr olunmuş “Media və gənclik” mövzusunda dəyirmi masa keçirilib
# 18 iyul 2008 09:50 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş “Media və gənclik” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbiri YAP Gənclər Birliyinin sədri Ramil Həsənov açaraq mətbuatın inkişafında gəncliyin rolu barədə danışıb. YAP icraçı katibinin müavini Mübariz Qurbanlı Azərbaycan mətbuatının şərəfli yol keçdiyini qeyd edərək hazırda dövlətin mətbuata qayğı göstərdiyini, jurnalist əməyinin qiymətləndirildiyini bildirib. YAP funksioneri mətbuatın tam müstəqil olmasının tərəfdarı olduqlarını deyib.
APA-nın baş direktoru Vüsalə Mahirqızı çıxışında Azərbaycanda medianın həmişə tənqid hədəfi olduğunu qeyd edərək bunu mətbuatın cəmiyyətin diqqətindən kənarda qalmamasının göstəricisi kimi qiymətləndirib. V. Mahirqızı deyib ki, Azərbaycanda media azadlığı mövcuddur və mətbuat nümayəndələri bu azadlıqdan istifadə edərək fikirlərini ifadə edə bilirlər.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan mətbuatının inkişafında gənclərinin rolunu qeyd edərək deyib ki, mövcud problemlərin aradan qaldırılmasında da gənclik öz sözünü deməlidir.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib ki, mətbuatın inkişafına yardımla bağlı dövlət dəstəyi konsepsiyasının qəbulu mətbuatın problemlərinin aradan qalxmasına, eyni zamanda gənclərin mətbuata gəlməsinin asanlaşdırılmasına kömək edəcək.
“Olaylar” informasiya agentliyinin baş redaktoru Yunus Oğuz cəmiyyətin, o cümlədən gənclərin mətbuatı tam dərk etməyə hazır olmadığını bildirib. O da qeyd edib ki, dövlət dəstəyi konsepsiyasının qəbul olunması Azərbaycanda sözün, mətbuatın qüdrətinin artmasına səbəb olacaq.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda mətbuata dövlət qayğısının mövcud olduğunu deyib və bildirib ki, mətbuatın inkişafına yardımla bağlı dövlət dəstəyi konsepsiyasının yaxın zamanlarda qəbulu gözlənilir.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Azərbaycan mətbuatında gənclərinin rolu barədə danışaraq sosial-iqtisadi problemlərin yeni nəslin mətbuata gəlməsinə mane olduğunu bildirib. O, medianın iqtisadi qüdrətinin artacağı təqdirdə bu halın da aradan qalxacağını vurğulayıb.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə Azərbaycan mətbuatında çalışanların gəncləşməsinə ehtiyac olduğunu qeyd edərək bildirib ki, gənc kadrların mətbuata gəlməsinə, peşəkar səviyyədə yetişməsinə imkan yaradılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR