Bank Of Baku

Əli Həsənov: “Konsepsiya Azərbaycanda KİV-in inkişafında ciddi təməl rolunu oynayacaq”

Əli Həsənov: “Konsepsiya Azərbaycanda KİV-in inkişafında ciddi təməl rolunu oynayacaq”
# 31 iyul 2008 13:30 (UTC +04:00)
Bunu prezident İlham Əliyevin bir qrup KİV-ə maliyyə yardımı göstərilməsi və KİV-in inkişafına dövlət dəstəyin konsepsiyasının təsdiqlənməsi ilə bağlı bu gün imzaladığı sərəncamları APA-ya şərh edən Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri yardım göstərilən KİV-in seçilməsi prinsiplərini Mətbuat Şurasının müəyyənləşdirdiyini söyləyib. Son illərdə Azərbaycanda dinamik inkişafın müşahidə olunduğunu deyən Ə. Həsənov qeyd edib ki, ölkədə bütün sahələr dünya standartlarına uyğunlaşır: “Amma təəssüf ki, bizim yazılı media xeyli geridə qalırdı. Bunun da əsas səbəbi o idi ki, mətbuat müstəqilləşə bilmirdi, qəzetlərin maddi-texniki bazası, maddi imkanları həddən artıq zəif idi. Nəticədə qəzetlər bugünkü şəraitdə nə jurnalistlərin peşəkarlığının artırılmasına, nə onların sosial müdafiəsinin təminatına, nə də bütövlükdə redaksiyaların müstəqilləşməsinə şərait yarada bilirdi. Azərbaycan artıq dünya informasiya məkanına daxil olur və informasiya cəmiyyətinə keçidin bəzi tələbləri meydana çıxıb. Qəzetlərin maddi-texniki bazası güclənməlidir, texniki vəziyyəti yeniləşməlidir. Müstəqil medianın inkişafı üçün lazım olan digər təkmilləşmələr həyata keçirilməlidir. Bunlara qəzetlərin ayrı-ayrılıqda və bugünkü bazar iqtisadiyyatına müvafiq olaraq uyğunlaşması çox çətin idi. Azərbaycan prezidenti bütün bunları, eyni zamanda, şəxsiyyətin, cəmiyyətin, dövlətin informasiya təhlükəsizliyinin medianın indiki vəziyyətində təmin edilməsinin zəruriliyini nəzərə alaraq mətbuata dövlət dəstəyi konsepsiyasını imzalayıb. Konsepsiyanın əsas məqsədi ondan ibarətdir ki, vətəndaş cəmiyyəti quruculuğu prosesində getdikcə rolu artan media, söz və mətbuat azadlığı inkişaf etsin, KİV-in müstəqilliyi dəstəklənsin, redaksiyalara yardım mexanizmləri təkmilləşsin, jurnalistlərin peşəkarlığının artırılması üçün tədbirlər görülsün, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılsın. Konsepsiya bütövlükdə bu məsələləri əhatə edir. Düşünürük ki, konsepsiyada nəzərdə tutulan təşkilati, texniki, maliyyə, metodoloji yardımların həyata keçirilməsi ilə biz bu məqsədə nail olacağıq. Konsepsiya üzərində uzun müddət iş aparılıb. Bu, cənab prezidentin təşəbbüsü ilə irəli sürülmüşdü. Media ictimaiyyəti ilə birlikdə işlənmişdi. Yaxın 2-3 ay ərzində konsepsiyanın reallaşması ilə bağlı sərəncamda nəzərdə tutulan Mətbuatın İnkişafına Dəstək Fondunun yaradılması üçün tədbirlər görülməlidir. Prezidentin İcra Aparatına tapşırıq verilib ki, Mətbuat Şurası, digər media ictimaiyyəti və redaktorlarla birlikdə bu təkliflər hazırlanaraq, ölkə başçısına təqdim olunsun. Düşünürük ki, bu konsepsiya Azərbaycanda KİV-in inkişafında ciddi təməl rolunu oynayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR