Azərbaycan politoloqları və siyasətçilərinin Barak Obamanın ABŞ prezidenti seçilməsinə münasibəti - RƏY

Azərbaycan politoloqları və siyasətçilərinin Barak Obamanın ABŞ prezidenti seçilməsinə münasibəti - <font color=red>RƏY</font>
# 05 noyabr 2008 12:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova. Elnur Məmmədli - APA. ABŞ-da keçirilən seçkilər nəticəsində Demokratlar Partiyasının namizədi Barak Obama qalib gəlib. ABŞ-da hər hakimiyyət dəyişikliyi ümumilikdə dünya düzəninə təsir etdiyindən, bu dəyişikliyin də təsirsiz ötüşməyəcəyini söyləmək olar. APA ABŞ-ın dünya siyasətində və bu ölkənin Azərbaycana münasibətində mümkün ola biləcək dəyişikliklərlə bağlı politoloq və siyasətçilərin münasibətini öyrənib.

Politoloq Vəfa Quluzadə:

- Bu seçkilər dünyaya sübut etdi ki, Amerika tam demokratik ölkədir və artıq orada irqçilik yoxdur, afrikalı amerikalılar da ABŞ-ın prezidenti ola bilərlər. Barak Obamanın şəxsiyyəti ona dəlalət edir ki, Amerika yeni dövrdə olduqca yüksək pillələrə qalxacaq. Birincisi, Obama Corc Buşun səhvlərini düzəldəcək, ikincisi, Obama Amerikanın milli maraqlarını bütün Afrika kontinentində təmin etmək malik olacaq. O, Latın Amerikasına, bütün müsəlman, ərəb aləminə də ağ Makkeyndən daha yaxın olacaq. Düşünürəm ki, Barak Obamanın seçilməsi olduqca böyük və müsbət hadisədir. Obamanın dövründə Amerikanın Azərbaycana marağı artacaq. Obama Azərbaycanda olub, 1998-ci ildə mən onunla görüşmüşəm. Hesab edirəm ki, Azərbaycana xüsusi diqqət yetiriləcək. Azərbaycan strateji baxımdan olduqca əhəmiyyətli ölkədir, üstəlik Azərbaycan xalqının intellektual potensialı ona imkan yaradır ki, ölkədə demokratiya daha güclü inkişaf etsin. Amerikanın Azərbaycana köməyi və dəstəyi artacaq.

Politoloq Qabil Hüseynli:

- Azərbaycan-ABŞ münasibətlərində elə bir ciddi dəyişiklik olmayacaq. Çünki iki ölkə arasında münasibətlərin formalaşmış praktikası var, bu praktika təkmilləşə, inkişaf edə bilər. Ola bilsin ki, Azərbaycan-Amerika münasibətlərində bundan sonra iqtisadi konyuktura deyil, demokratik dəyərlər, insan haqları ilə bağlı məsələlər gündəmdə olsun. Respublikaçılardan fərqli olaraq, demokratların yürüdəcəyi siyasətdə məhz bu dəyərlərə üstünlük verilməsi gözlənilir. Barak Obama əsas diqqəti ilk olaraq daxili problemlərə yönələcək, ən azı prezidentliyinin yarıdan çoxunu işsizliyin aradan qaldırılması, əhalinin maddi rifahının yaxşılaşdırılması, vergi məsələləri, ona daha çox səs vermiş Afrika əsillilərin problemlərin həllinə sərf edəcək. Onun dünya problemləri ilə hakimiyyətinin üçüncü ilində məşğul olmağa başlayacağını təxmin etmək olar.

Politoloq İlqar Məmmədov:

- Azərbaycana münasibət ümumilikdə qlobal kontekstə Amerikanın siyasətinin necə dəyişməsindən, yeni prezidentin hansı enerji siyasəti seçməsindən asılı olacaq. Əgər bu enerji siyasəti neftin dünyada ucuzlaşmasına gətirəcəksə, o zaman dünyada və regional məsələlərdə Rusiyanın rolu azalacaq, beləliklə də ABŞ Azərbaycanla daha sıx əməkdaşlıq edə biləcək. Yox, əgər bu siyasət nəticəsində neft qiyməti yüksək olaraq qalacaq, Rusiya da öz iddialarını davam etdirəcəksə, o halda Azərbaycan uğrunda rəqabət güclənəcək. Amma hər halda görünür ki, yeni prezident ucuz neftə aparacaq siyasəti seçəcək. Bu da Amerikanın özündə neftin istehsal planlarına bağlıdır.

Politoloq Rasim Musabəyov:

- Mən ABŞ-ın Azərbaycanla bağlı siyasətində ciddi dəyişiklik olacağını düşünmürəm. Azərbaycanla bağlı kimin dövlət katibi təyin ediləcəyini, dövlət katibinin bizim bölgə ilə məşğul olan köməkçisinin kim olacağını gözləməliyik. Minsk qrupuna amerikalı həmsədr kim təyin olunacaq, hansı təlimatlar veriləcək. Amma hər bir halda düşünürəm ki, yeni prezident ABŞ-ın maliyyə, iqtisadi böhran və digər ciddi problemin həlli ilə məşğul olacaq. İraqla bağlı da vədlər verib, İran da gündəmdədir, bununla da məşğul olmalıdır, Avropa ilə münasibətlər də normallaşmalıdır. Türkiyə ilə bağlı siyasət də gündəmdə ola bilər. Amerikanın Azərbaycana münasibəti İranla münasibətinə bağlı olacaq. Bunlar müəyyənləşəndən sonra konkret fikir bildirmək olar. Hər bir halda ABŞ-ın Yaxın Şərqdə hər bir hərəkəti Türkiyənin maraqlarını nəzərə alınmadan həyata keçirilə bilməz. Cənubi Qafqazda də ən böyük, inkişaf etmiş dövlət Azərbaycan olduğundan bu reallıq ABŞ-ın siyasətində önəmli yer tutacaq.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə:

- Amerikanın milli maraqları məsələsində bir sıra hallarda respublikaçılar və demokratlar arasında fərqli baxışlar olur. Obama gənc və enerjilidir, dövlət işində çalışıb, bir sıra yeniliklər ola bilər. Çox şey isə Obamanın hansı komanda ilə işləyəcəyindən asılıdır. O, xarici və daxili siyasətin prioritetlərini konkretləşdirəndən sonra artıq dəyişikliklərin hara qədər gedəcəyindən danışmaq olar. Amma Obama çox çətin bir dövrdə işə başlayır. Birincisi, beynəlxalq maliyyə böhranı Amerikanı da bürüyüb. İkincisi İraq məsələsində Obamanın qərarı necə olacaq? O, Buşu İraq məsələsinə görə tənqid edirdi və qoşunları çıxaracağını vəd edirdi, çıxaracaqmı? Bu kimi çox sual var. Həmçinin Rusiya və Avropa ilə münasibətlər məsələsi də həllini tapmalı məsələlərdəndir. Azərbaycanla bağlı isə ciddi dəyişiklik olmayacaq. Obama Bakıda olub, prezidentlə görüşüb. Yəni onda Azərbaycanla bağlı kifayət qədər təsəvvür var. Şəxsən mən koordinal dəyişikliklərin olacağını gözləmirəm.

Müsavat Partiyasının başqanı İsa Qəmbər:

- Bu seçkilər Amerika dövlətinin demokratiya sahəsində lider olduğunu bir daha təsdiq etdi. Amerikada azlıq təşkil edən bir kəsimin nümayəndəsi xalqın böyük əksəriyyətinin səsini alaraq prezident seçildi. Təbii ki, Obamanın özünün də vəd etdiyi kimi müəyyən dəyişikliklər labüddür. Bu dəyişikliklərin Azərbaycan siyasətinə aidiyyətinin olub-olmayacağı isə bir sıra amillə bağlıdır. Burada Obamanın Amerikanın neft və enerji dairələri ilə xüsusi bağlılığının olmadığı qeyd olunmalıdır. Obamanın sözdə “erməni soyqırımı” məsələsini tanımaqla bağlı fikirləri də nəzərə alınmalıdır. Bundan başqa, yeni prezidentin bölgəyə münasibətdə mövqeyi diqqətdən qaçmamalıdır. Təbii ki, bu amillər Amerikanın Qafqaz siyasətində müəyyən yeniliklərə səbəb ola bilər. Azərbaycan hakimiyyəti bu yeniliklərin müsbət istiqamətdə olmasını təmin etməyə çalışmalı, Azərbaycanın köklü maraqlarını, bölgənin problemlərini lazımı səviyyədə Amerikanın yeni hakimiyyətinə təqdim etməyi bacarmalıdır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasını sədri Əli Kərimli:

- ABŞ dünyaya böyük bir demokratiya nümunəsi göstərdi. 21 aydır ki, həm ABŞ, həm də bütün dünya seçki kampaniyasını müşahidə edir, o cümlədən demokratiya sahəsində problemləri olan ölkələrin xalqları da əsl rəqabətin, yarışın necə olduğunu, rəqiblər arasında hansı münasibətlərin yaşandığını müşahidə edirlər. Əlbəttə, xarici siyasətdə çox böyük dəyişikliklər gözləmək lazım deyil. Obama da ABŞ-ın milli maraqlarından çıxış edəcək. Amma müəyyən bir dəyişiklik olacaq. İlk növbədə, ABŞ-la Avropa arasında münasibətlərin daha da sıxlaşacağını gözləyirəm. Qərb indiyə qədər olduğu kimi bölünmüş yox, vahid qüvvə kimi dünya siyasətində iştirak edəcək, bu da onun mövqeyini gücləndirəcək. ABŞ nümayiş etdirdi ki, demokratiya, azadlıq universal bir dəyərdir və bütün xalqlar bu yolu seçməlidir.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

- Obamanın seçilməsi onu göstərdi ki, ABŞ vətəndaşları irqi ayrı-seçkiliyi tarixin arxivinə göndərə biliblər. ABŞ-ın xarici siyasətində isə heç bir dəyişiklik olmayacaq. Birincisi, ABŞ-da ciddi hakimiyyət bölgüsü var, digər hakimiyyət qolları da prezident institutu qədər güclüdür. İndi əlverişli bir şərait yaranıb, ABŞ Konqresi də demokratların əlindədir, prezident də demokratdır. Bu baxımdan Obamanın yürütdüyü siyasət də Konqres tərəfindən böyük dəstək ala bilər. Amma Amerika super güc olduğuna görə, bu dövlətlərin siyasətində çeviklik olmur. Yəni böyük güc öz ətalətini saxlamalıdır ki, müvazinətini itirməsin. Digər tərəfindən, Makkeynlə Obamanın seçki platformaları çox oxşardır. Sadəcə Obama gəncdir, enerjilidir. ABŞ-da demokratlarla respublikaçıların bir-birini əvəzləməsi 4-8 ildən bir baş verir. Yəni bu demokratik proses artıq ənənə halını alıb.

Böyük Quruluş Partiyasının başqanı Fazil Qəzənfəroğlu:

- ABŞ-ın Azərbaycana yönəlik siyasəti ilə bağlı hər hansı dəyişikliklərdən danışmaq hələlik tezdir. Çünki Azərbaycan bu ölkə üçün çox kiçik bir yerdir. Belə bir dəyişikliyin yaxın zamanlarda baş verəcəyini gözləmək də doğru deyil. Amma dünya siyasətində ciddi dəyişiklik gözlənilir. Mən hesab edirəm ki, bu, xüsusilə dünyagörüşlərinin bir mübarizəsi idi. Və neft burjuaziyasının hakimiyyətini informasiya texnologiyası burjuaziyası əvəz etdi. Yeni hakimiyyətin təbii ki, düşüncəsi, dünyagörüşü, dünyanın idarə olunmasına münasibəti əvvəlkindən fərqlidir. Bu da Obamanın siyasətində öz əksini tapacaq. Hesab edirəm ki, müharibə, zor yolu ilə problemin həllindən daha çox daha sülhsevər bir siyasət yürüdülməsini müşahidə edəcəyik.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR