Bank Of Baku

MTRŞ-nın qərarından sonra xarici radiostansiyaların Azərbaycan bürolarının iş qrafikində dəyişiklik olmayıb

MTRŞ-nın qərarından sonra xarici radiostansiyaların Azərbaycan bürolarının iş qrafikində dəyişiklik olmayıb
# 05 yanvar 2009 11:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) dekabrın 30-da xarici radiostansiyaların milli tezliklərdə yayımının dayandırılması ilə bağlı verdiyi qərardan sonra “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının Azərbaycan bürolarının
iş qrafikində heç bir dəyişiklik olmayıb. Bu barədə APA-ya sözügedən radioların Azərbaycan xidmətlərindən məlumat verilib. “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova APA-y bildirib ki, FM dalğasında yayım dayandırılsa da, radio İnternet və peyklə yayımı davam etdirir. Qısa dalğalarda axşam 20.00-dan 21.00-a kimi də yayımlandıqlarını bildirən X. İsmayılovanın sözlərinə görə, hazırda yayımı genişləndirmək və alternativ yollardan istifadə etməklə bağlı məsləhətləşmələr gedir: “Avropa Birliyi də, Amerika hökuməti də qərara yenidən baxmaq üçün Azərbaycan hökumətinə müraciət edib. Artıq Yeni il tətili başa çatıb. Biz gözləyirik ki, bu qərara yenidən baxılacaq. O vaxta qədər isə əlimizdə olan bütün vasitələrlə yayımı genişləndirməyi düşünürük”.
BBC radiosunun Azərbaycan xidmətinin rəhbəri Azər Xəlilov APA-ya bildirib ki, MTRŞ-nın qərarından sonra radionun iş rejimi və qaydaları dəyişməz qalıb. A. Xəlilovun sözlərinə görə, BBC hazırda qısa dalğalar və İnternet vasitəsilə yayımlanır. Radionun verilişlərini audio formada BBC-nin internet saytında da izləmək mümkündür. A. Xəlilov bildirib ki, hazırda Azərbaycan tərəfi ilə danışıqlar aparmaq və yayımı genişləndirmək üçün alternativ yollar aramaq barədə düşünülür.
“Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinin əməkdaşı Tapdıq Fərhadoğlu isə APA-ya bildirib ki, hazırda radio qısa dalğada və internetdə canlı yayımlanır. Radionun işçilərinin iş rejimində də heç bir dəyişiklik olmayıb.
MTRŞ-nın qərarı ilə yanvarın 1-dən fəaliyyəti dayandırılan “Evropa +” radiostansiyasından isə məsələ ilə bağlı açıqlama vermək istəməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR