Bank Of Baku

Azərbaycan telekallarında yayımı dayandırılmış türk seriallarının aqibəti necə olacaq? - SORĞU

Azərbaycan telekallarında yayımı dayandırılmış türk seriallarının aqibəti necə olacaq? - <font color=red>SORĞU </font>
# 07 yanvar 2009 12:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Milli Teleradio Şurasının (MTRŞ) telekanallarda Azərbaycan dilinin işlənmə səviyyəsi ilə bağlı dekabrın 30-da verdiyi qərardan sonra yerli telekanallarda türk seriallarının yayımı dayandırılıb. Bəzi televiziyaların serialları yarımçıq dayandırmaq məcburiyyətində qalması isə serial həvəskarı olan tamaşaçıların narazılığına səbəb olub. APA tamaşaçıların marağını nəzərə alaraq, Azərbaycan telekanallarında yayımı dayandırılmış türk serialları ilə bağlı sorğu keçirib.

İctimai Televiziya və Radio Yayım Şirkətinin (İTV) ictimaiyyətlə əlaqə və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov APA-ya bildirib ki, İTV MTRŞ-nın bütün qərarları kimi, bu qərarına da əməl edib və Azərbaycan dilində olmayan bütün proqramları dayandırıb. İTV-də yayımlanan “Bir İstanbul masalı” serialının da yayımının dayandırıldığını deyən T. Məmmədovun sözlərinə görə, sözügedən filmin yayımı yaxın vaxtlarda dublyaj ediləndən sonra davam edəcək. Digər türk filmlərinin hansı formada yayımlanması ilə bağlı da yaxın günlərdə qərar veriləcək.

ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mais Məmmədov da APA-ya bildirib ki, təmsil etdiyi şirkət MTRŞ-nin qərarına tabedir: “Biz işlərimizi elə qurmuşduq ki, dekabrın 31-ə qədər ANS-də yayımlanan türk serialı başa çatsın. Bundan sonra da şirkət türk filmlərini yalnız dublyaj olunmuş formada təqdim edəcək”. M. Məmmədov bildirib ki, şirkətin indidən nə qədər filmi dublyaj edəcəyi bəlli deyil: “Bu, maddi imkandan asılıdır”.

“Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) vitse-prezidenti Həsən AbdullayevAPA-ya MTRŞ-nın qərarlarına tabe olduqlarını, “Kurdlar Vadisi”, “Yaprak tökümü” və “Min bir gecə” seriallarının yayımını dayandırdıqlarını deyib. Lakin ATV-nin vitse-prezidenti ümidsiz də deyil: “Yəqin ki, MTRŞ bu məsələyə yenidən baxacaq. Hələlik sözügedən serialların davam edib-etməyəcəyi ilə bağlı bir söz deyə bilmərəm”.

“Xəzər” Televiziyası Dublyaj departamentindənAPA-ya bildirilib ki, telekanalın efirində yayımlanan “Hırsız polis” türk serialı yarımçıq dayandırılıb və davam etməyəcək. Hazırda “Xəzər” televiziyasında müxtəlif bədii, cizgi, sənədli, maarifləndirici filmlərin dublyajı getsə də, televiziya böyük serialları dublyaj etmək fikrində deyil. Televiziyadan bunu prosesə hazır olmamaları ilə izah ediblər.

“Lider” televiziyasında yayımlanan “Həyat bağları” türk serialının da yayımı yarımçıq dayandırılıb. Televiziyanın proqram şöbəsindən APA-ya bildirilib ki, filmin yayımı davam etməyəcək. Bundan sonra efirə veriləcək bütün türk filmləri isə dublyaj olunacaq.

“Spase” televiziyasının Dublyaj Departamentinin rəhbəri Vaqif Əlixanlı isə sözügedən mövzu ilə bağlı danışmaq istəməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR