Bank Of Baku

“Dəryaz” qəzeti “reket” elan edilməsinə etiraz edir

“Dəryaz” qəzeti “reket” elan edilməsinə etiraz edir
# 06 fevral 2009 12:52 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Mətbuat Şurasının “reket” elan etdiyi 36 qəzetdən biri olan “Dəryaz”ın kollektivi mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə qəzetin şöbə müdiri Xoşqədəm Cəbrayıloğlu çıxış edərək Mətbuat Şurasının “Dəryaz” qəzetini “reket” elan etmək üçün heç bir səlahiyyət və sübutunun olmadığını bildirib: “Məhkəmə qərarı olmadan hansısa qəzeti “reket” elan etmək düzgün deyil. Bunun üçün əsas olmalıdır”.

Qəzetin baş redaktoru Habil Tağıyev satirik qəzet olan “Dəryaz”ın beş ildir fəaliyyət göstərdiyini və mütəmadi olaraq ayda iki dəfə işıq üzü gördüyünü deyib: “Mətbuat Şurasını öz qərarına yenidən baxmağa çağırırıq”.

Tədbirdə iştirak edən Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev həqiqətən də bəzi qəzetlərin dələduzluqla məşğul olduğunu, “Dəryaz” qəzetinin isə onlarla bir sıraya qoyulmasını düzgün hesab etmədiyini bildirib.

Tədbirin sonunda “Dəryaz” qəzetinin kollektivi “reket” qəzet elan edilmələrinə etiraz olaraq bəyanat qəbul edib və məsələ ilə bağlı dövlət başçısına müraciət ünvanlayıblar.

Mətbuat Şurasının katibi Rəhim Hüseynzadə məsələ ilə bağlı APA-ya açıqlamasında həm “Dəryaz”, həm də “reket” elan olunan digər qəzetlərlə bağlı əllərində olan fakt və sübutları ictimaiyyətə açıqlayacaqlarını deyib: “Onların hər biri haqqında bizdə dəqiq məlumatlar var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR