Bank Of Baku

Terri Devidson: “Xarici radioların Azərbaycanın FM tezliyində yayımının bərpası istiqamətində səylərimizi davam etdiririk”

Terri Devidson: “Xarici radioların Azərbaycanın FM tezliyində yayımının bərpası istiqamətində səylərimizi davam etdiririk”
# 02 mart 2009 16:02 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Mənim Vaşinqtondan və Praqadan aldığım məlumatlar ondan ibarətdir ki, xarici radiolar Azərbaycanda yayımını davam etdirəcək. Bu radioların yayımının dayandırılması və ləğv olunması fikri yoxdur”. APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson deyib. Diplomat xarici radiostansiyaların Azərbaycanın milli tezliklərində yayımının dayandırılmasının Amerika-Azərbaycan münasibətlərinə təsir edib-etməyəcəyi barədə suala “Sözsüz ki, bu, Obama administrasiyasının rəsmiləri ilə ilk görüşlər üçün yaxşı mövzu olmayacaq. Biz iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına çalışırıq. Bu kimi məsələlər isə münasibətlərə töhfə deyil”, - cavabını verib.

T. Devidson suveren ölkə olan Azərbaycanın qanunlarına tabe olmağın zəruriliyini də vurğulayıb: “Biz Azərbaycanın qanunlarına hörmətlə yanaşmalıyıq. Bununla bərabər, radioların FM tezliyində yayımının bərpası istiqamətində də səylərimizi davam etdiririk. Radioların dinlənilməsi üçün müxtəlif yollar axtaracağıq və yəqin ki, münasib yol tapılacaq”.

Milli Teleradio Şurasının sədri (MTRŞ) Nuşirəvan Məhərrəmli isə APA-ya bildirib ki, xarici radiostansiyaların yayımı ilə bağlı MTRŞ-nın mövqeyi məlumdur: “Xarici radiostansiyaların Azərbaycanda yayımı qanunauyğun deyil. Lakin bu yayıma ehtiyac duyarlarsa və dövlətlərarası müqavilə ilə təsdiqlənərsə, bu məsələyə baxa bilərik. Biz artıq öz sözümüzü demişik”.

N. Məhərrəmli qeyd edib ki, Azərbaycanın Amerika Yayım Şurasının təkliflərini konkret nə zaman cavablandıracağı hələlik məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR