Bank Of Baku

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 7 şikayəti araşdırıb

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 7 şikayəti araşdırıb
# 13 mart 2009 15:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. APA-nın məlumatına görə, komissiya 7 məsələ barədə müraciətləri araşdıraraq müvafiq rəylər çıxarıb. Öncə Bakı şəhərindəki 20 saylı məktəb-liseydən və 162 saylı məktəbdən “Müasir Azərbaycan müəllimi” qəzeti barədə daxil olan şikayətlərə baxılıb. Məktəb-liseyin direktoru Əkbər Qocayevin “Zəka” jurnalında dərc olunmuş “Xəzər dənizinin hüquqi statusu problemi” sərlövhəli yazısının istinad mənbəyi göstərilmədən olduğu kimi “Müasir Azərbaycan müəllimi” qəzetində oxuculara təqdim edilməsi “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın pozulması kimi qiymətləndirilib. 162 saylı məktəbin direktoru Ələkbər Əliyevin “Müasir Azərbaycan müəllimi” qəzetində ondan xəbərsiz müsahibəsinin dərc olunduğu barədə müraciəti ilə bağlı komissiya bu rəyə gəlib ki, qəzet etik prinsiplərə uyğun olaraq müsahibin yazıya imza atmasını təmin etməli idi.

İclasda “Nota” qəzeti haqında iki şikayətə baxılıb. Birinci halda şikayətçi tərəf qismində “Azad yeni fikir” qəzeti, ikincidə isə “Azadlıq Hərəkatçıları” Birliyi təmsil olunub. Komissiya hər iki şikayət doğuran yazıda etik prinsiplərə riayət edilmədiyi rəyinə gəlib.

14 saylı şəhər poliklinikasının “Mühakimə” qəzetindən şikayətinə baxılarkən komissiya baş redaktor Yaşar Ağazadənin nəzərinə çatdırıb ki, qəzetin KİV-də gedən materialı etibarlı istinad mənbəyi kimi qəbul etməsi əsassızdır. Komissiya qəzetə təkzib verməyi tövsiyə edərək xəbərdarlıq edib.

Bakı şəhər sakini Mərdan Əliyevin “Həqiqətlər və faktlar” qəzetində gedən yazı ilə bağlı şikayətini araşdıran komissiya məqalədə peşə prinsiplərinin dəfələrlə pozulduğu qənaətinə gəlib.

“Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallının “Sarı” jurnalında 2008-ci ilin noyabr sayında dərc olunmuş yazı haqqında şikayətinə baxılarkən nəşrin şef redaktoru Hikmət Həsənovə tövsiyə olunub ki, şəxsi həyata dair mövzulara daha həssas yanaşılsın.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR