Bank Of Baku

Ölkənin aparıcı KİV rəhbərlərinin imzaladıqları müraciət bu gün Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim olunacaq

Ölkənin aparıcı KİV rəhbərlərinin imzaladıqları müraciət bu gün Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim olunacaq
# 07 aprel 2009 11:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Mətbuat Şurası (MŞ) və ölkənin aparıcı Kütləvi informasiya vasitələrinin rəhbərləri Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı ilə bağlı son günlər yayılan məlumatlardan narahatlığını bildirərək Türkiyənin kütləvi informasiya vasitələrinə müraciət qəbul edib. APA-nın məlumatına görə, bu gün Mətbuat Şurasında keçirilən toplantıda MŞ sədri Əflatun Amaşov deyib ki, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olacaq, işğal olunmuş torpaqların, məcburi köçkünlərin geri qaytarılmasını ləngidəcək. Ə. Amaşov deyib ki, indiki məqamda Türkiyə ilə Ermənistan arasında sərhədlərinin açılması, diplomatik və ticarət əlaqələrinin qurulması hələ tezdir. MŞ sədrinin sözlərinə görə, ölkənin aparıcı KİV rəhbərlərinin imzaladıqları müraciət türkiyəli həmkarlarını ədalətin müdafiəsinə, sərhədlərinin açılmasına qarşı çıxış etməyə çağırır.

“Azərbaycan ” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə deyib ki, Türkiyə Azərbaycanın öz ərazilərinin qorunması uğrunda apardığı mübarizədə həmişə ölkəmizin yanında olub: “Bəlkə də bu gün Türkiyə hesab edir ki, artıq onun üçün çətindir və bu mövqedən geri çəkilməlidir. Türkiyənin KİV rəhbərlərinə ünvanlanan müraciət yaxşı hazırlanıb. Sevindiricidir ki, bu müraciəti imzalamağa ölkənin müstəqil, iqtidaryönlü və müxalifyönlü KİV-lərinin hamısı toplaşıb”. “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə ölkənin siyasi partiyalarını və qeyri-hökumət təşkilatlarını da Azərbaycan jurnalistlərinin bu addımına qoşulmağa çağırıb.

Toplantının sonunda KİV rəhbərlərinin yekdil imzası ilə müraciət qəbul olunub. Qeyd edək ki, sözügedən müraciət bu gün KİV rəhbərlərinin iştirakı ilə Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim olunacaq, Türkiyənin bütün aparıcı mətbuat orqanlarına göndəriləcək və bir neçə dilə tərcümə olunaraq internetdə yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR