Azərbaycanın KİV nümayəndələrinin türkiyəli həmkarlarına müraciəti Türkiyənin Bakıdakı səfirliyinə təqdim olunub

Azərbaycanın KİV nümayəndələrinin türkiyəli həmkarlarına müraciəti Türkiyənin Bakıdakı səfirliyinə təqdim olunub
# 07 aprel 2009 15:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın aparıcı KİV nümayəndələrinin türkiyəli həmkarlarına ünvanladıqları müraciət Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim olunub. APA-nın məlumatına görə, müraciətin mətni Türkiyənin aparıcı qəzet, jurnal, informasiya agentlikləri və telekanallarına da göndərilib. 64 KİV rəhbərinin imzaladığı sənəddə bildirilir ki, son vaxtlar Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı, diplomatik və iqtisadi əlaqələrin qurulacağı haqqında xəbərlər bütün Azərbaycan ictimaiyyəti kimi, jurnalistləri də ciddi narahat etməkdədir. Müraciət müəllifləri qeyd ediblər ki, Türkiyə Ermənistanla əlaqələr qurduqdan sonra da ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış edəcəyi, erməni lobbisinin uydurma “soyqırım”ı tanıtmaq cəhdlərindən əl çəkməyəcəyi şübhə doğurmur: “Biz tarixin sərt məqamlarında türkiyəli həmkarlarımızın ədalətin müdafiəsinə qalxma cəsarətinə, yüksək peşəkarlığına, dəyanətinə və dönməzliyinə istinad edərək sizi “bir millət, iki dövlət” ideyasına zərbə vura biləcək təhlükənin qarşısının alınmasında yenə öncüllük göstərməyə səsləyirik. İnanırıq ki, sizin həmrəyliyiniz, əməli fəaliyyətiniz və qətiyyətiniz AKP iqtidarının Ermənistanla sərhədləri açmaq niyyətinin qarşısına keçilməz sədd çəkəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR