Bank Of Baku

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycanda 3 jurnalistin azadlığa buraxılmasını alqışlayıb

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycanda 3 jurnalistin azadlığa buraxılmasını alqışlayıb
# 21 aprel 2009 15:29 (UTC +04:00)
Bakı - APA. ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Azərbaycan parlamentinin qərarı ilə 2 jurnalistə amnistiya tətbiq edilməsi və məhkəmə qərarı əsasında daha bir jurnalistin azadlığa buraxılmasını alqışlayıb. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, M. Haraşti ümid etdiyini bildirib ki, Azərbaycan məhkəmələrində böhtanla bağlı işlərə baxılması daha əvvəl prezident İlham Əliyevin dediyi kimi, Avropa standartlarına uyğunlaşdırılacaq. M. Haraşti Azərbaycan prezidentinə göndərdiyi məktubda onun böhtanla bağlı çıxarılan son məhkəmə hökmünün Avropa standartlarına uyğun gəlmədiyi və gələcəkdə jurnalistləri həbs cəzasına məhkum etməkdən qaçmaq lazım olduğunu söyləməsini məmnunluqla qarşıladığını deyib.

ATƏT nümayəndəsi Azərbaycan hakimiyyətini bir daha böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan maddənin ləğvi yönündə cəhdlərə başlamağa çağırıb. O, “KİV haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlara dəyişikliklərdən narahatlığını da ifadə edərək, bunların beynəlxalq standartlara və Azərbaycanın öhdəliklərinə uyğun olmadığını vurğulayıb.

M. Haraşti ümid etdiyini bildirib ki, KİV nümayəndələrinin həbsdən azad edilməsi tendensiyası çərçivəsində həbsdəki digər jurnalistlər – Eynulla Fətullayev, Qənimət Zahidov və Müşfiq Hüseynov da azadlığa buraxılacaq.

Qeyd edək ki, “Azadlıq” qəzetinin əməkdaşı Sakit Zahidov (Mirzə Sakit) və “İdeal” qəzetinin redaktoru Əli Həsənov Amnistiya Aktı əsasında, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR