Bank Of Baku

Millət vəkili Gülər Əhmədova “Azadlıq” qəzeti ilə bağlı Mətbuat Şurasına müraciət edib

Millət vəkili Gülər Əhmədova “Azadlıq” qəzeti ilə bağlı Mətbuat Şurasına müraciət edib
# 05 may 2009 15:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Millət vəkili Gülər Əhmədova “Azadlıq” qəzeti ilə bağlı Mətbuat Şurasına müraciət edib. G. Əhmədovanın APA-ya verdiyi məlumata görə, öz müraciətində qəzet rəhbərliyinin onun adından yazdığı fikirlərə görə üzr istəməsini tələb edib: “Mən təklif etmişdim ki, “Gül bayramı”na ayrılan vəsait elə bir sahəyə ayrılsın ki, əbədi bir şey olsun. Həm də prezident yaşıllıqların artırılması və qorunması üçün ciddi tapşırıq verib və vəsaitin bu tapşırıqlara uyğun olaraq xərclənməsi daha məqsədəuyğun olardı. Qəzetdə isə mənim fikirlərimi təhrif edib başqa formada təqdim ediblər. Bəlkə də başqa bir məsələ olsa idi fikir verməzdim, çünki bu qəzetdə haqqımda belə şeylər tez-tez olur, amma əhəmiyyət vermirəm. Amma Heydər Əliyevin xatirəsi ilə bağlı mənim adımdan belə fikirlər yazan qəzetə qarşı ciddi addım atılacaq”. Qəzetin ondan üzr istəməyəcəyi halda G. Əhmədova məhkəməyə müraciət edəcəyini bildirib.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov isə APA-a bildirib ki, onlar G. Əhmədovanın iddiasını əsaslı hesab etmirlər: “Gülər Əhmədovanın “Gül bayramı” ilə bağlı fikirləri parlamentdən hazırlanmış reportajda əks olunub. Bu reportajda da Gülər Əhmədovanın fikirlərinə geniş yer verilməyib. Sadəcə o “Gül bayramı”na böyük vəsaitin xərclənməsinin əleyhinə olduğunu bildirib. Jurnalist isə öz dilindən millət vəkilinin bu mənasız bayramın əleyhinə olduğunu qeyd edib. Mənasız sözü Gülər Əhmədovanın sitatı kimi qeyd olunmayıb”. S. Şərifov G. Əhmədovadan üzr istəmək fikrində olmadıqlarını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR