Bank Of Baku

Mətbuat Şurası Neft Akademiyasında baş vermiş faciənin aparıcı media vasitələrində işıqlandırılmasına dair hesabat təqdim edib

Mətbuat Şurası Neft Akademiyasında baş vermiş faciənin aparıcı media vasitələrində işıqlandırılmasına dair hesabat təqdim edib
# 20 may 2009 11:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mətbuat Şurası aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciənin aparıcı media vasitələrində işıqlandırılmasına dair hesabat təqdim edib. APA-nın məlumatına görə, hesabat “Ekstremal situasiyalarda jurnalistlərin fəaliyyəti” mövzusunda keçirilən dəyirmi masada açıqlanıb. Şura sədri Əflatun Amaşov bildirib ki, aprelin 30-dan mayın 15-nə qədər davam edən monitorinqdə ölkənin aparıcı mətbu nəşrləri, informasiya agentlikləri və xəbər portallarının faciə ilə bağlı fəaliyyəti izlənilib. Monitorinqi aparılan mətbuat orqanlarında olay haqqında 859 material dərc edilib, bunlardan 725-i xəbərdir. Qalan 134 materialın 71-də hadisəyə dair müxtəlif ekspert və mütəxəssis rəyləri verilib. 63 materialda isə müəllif şərhləri, subyektiv jurnalist düşüncələri yer alıb. Dərc edilən 725 xəbərdən 219-u rəsmi səciyyə daşıyıb. Digər 506 xəbərdən 157-si hadisə yerindəki şahidlərin ifadələrinə əsaslanıb. Bu tipli yazıların 124-də təkrarçılıq qeydə alınıb və əksəriyyətində şayiələrə üstünlük verilib. Qalan 33 xəbərin 19-da adı gizli saxlanılan mənbənin məlumatına istinad edilib, 14 xəbərin mənbəyi isə göstərilməyib. 31 materialda müəllifin mövqeyinin məlumatla birlikdə təqdimatı verilib ki, bu zaman xəbər və şərhin sərhədinə diqqət yetirilməyib. Qəzetlərdə faciə ilə bağlı çəkilən fotoşəkillərdən 134-ü 904 dəfə dərc olunub. Monitorinqi aparan informasiya agentlikləri və xəbər portallarında aprelin 30-dan mayın 7-dək Neft Akademiyasında baş vermiş qanlı olayla bağlı 774 material gedib. Orta hesabla hər KİV mövzuya həsr olunmuş 75-80 yazı verib. Monitorinqin nəticəsinə əsasən Mətbuat Şurası bu qənaətə gəlib ki, Azərbaycanda yazılı KİV-lər Neft Akademiyasında baş vermiş faciəli hadisəyə kifayət qədər geniş diqqət yetiriblər. Lakin KİV-lərin hadisənin işıqlandırılmasında göstərdikləri diqqət aşkar qeyri-peşəkarlıq meylləri ilə müşayiət olunub və ölkənin yazılı mətbuatının ekstremal şəraitdə işləmə təcrübəsinin azlığı təsdiqini tapıb. Şura qərara gəlib ki, ilk mənbədən informasiya almaq istiqamətində əlavə tədbirlərə ehtiyac var.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, Neft Akademiyasında baş vermiş terror mətbuatla bağlı bir sıra düşüncələrə yol açıb: “Bu hadisə özü-özlüyündə bir sensasiya idi. Təəssüf ki, sensasiyadan əlavə sensasiyalar düzəltmək cəhdləri oldu. Bəziləri deyirdilər ki, siz niyə hadisə ilə bağlı az məlumat verirsiniz? Halbuki biz yalnız rəsmi informasiyalara üstünlük verirdik”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə monitorinqdə mətbu orqanlarda şayiələrin çoxluğu ilə bağlı fikirlərin əks olunmasına etiraz edib: “Şayiələr nəyə görə yaranırdı? Çünki rəsmi məlumatlar az idi. İndinin özündə də istintaq orqanları hadisənin motivini müəyyənləşdirməyib. Rəsmi məlumatların gecikdirilməsi, vaxtında verilməməsi KİV-lərdəki qeyri-peşəkar meyllərə şərait yaradır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR