Bank Of Baku

Mətbuat Şurası KİV-də peşə etikasının qorunması ilə bağlı apardığı növbəti monitorinqin nəticələrini açıqlayıb

Mətbuat Şurası KİV-də peşə etikasının qorunması ilə bağlı apardığı növbəti monitorinqin nəticələrini açıqlayıb
# 19 iyun 2009 10:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mətbuat Şurası KİV-də peşə etikasının qorunması ilə bağlı apardığı monitorinqin növbəti 3 aylıq nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, hesabat bu ilin fevral, mart və aprel aylarını əhatə edir. Monitorinq müddətində ən çox pozuntu “özgə müəllifin yazılarından (yaxud xəbərlərindən) istinad edilmədən istifadə” (19,9 faiz) olub. Bu pozuntuya ən çox “Təzadlar” qəzeti yol verib. Həmçinin “jurnalistin tərəf kimi çıxış etməsi” (16,9 faiz), “tarazlığın (balansın) pozulması” (15,7), “özgəsinin materialından müəllifi göstərmədən öz imzası ilə istifadə” (14,4 faiz) hallarına da rast gəlinib. “Müasir Müsavat” qəzeti “Adın qorunması (şərəf və ləyaqət, şəxsi həyatın toxunulmazlığı)” prinsipinin pozulması üzrə (23 dəfə) birinci yerdədir. Ümumi pozuntuların sayına görə birinci yeri yenə “Müasir Müsavat” qəzeti tutur.

Ə. Amaşovun sözlərinə görə, aparılan monitorinq müsbət təsirini göstərməkdədir. Belə ki, fevral ayında ümumilikdə 2545 pozuntu qeydə alınıbsa, aprel ayında bunun sayı 1750 olub. O, monitorinqin hər ayının sonunda pozuntulara yol verən mətbuat orqanlarının rəhbərləri ilə görüş keçirildiyini və sonrakı fəaliyyətdə pozuntulara yol verməmək üçün müzakirə aparıldığını söyləyib. MŞ sədri əlavə edib ki, monitorinqin nəticələri KİV-ə Dövlət Dəstəyi Fonduna da təqdim ediləcək ki, gələcəkdə maliyyə yardımı ayrılarkən bu faktlar nəzərə alınsın.

May ayında aparılmış monitorinqin nəticələri yaxın günlərdə açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR