Bank Of Baku

Akif Aşırlının «Azərbaycan mətbuatı tarixi» kitabı nəşrə hazırlanır

Akif Aşırlının «Azərbaycan mətbuatı tarixi» kitabı nəşrə hazırlanır
# 13 iyul 2009 11:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlının yeni tədqiqat əsəri çapa hazırlanır. A.Aşırlının APA-ya verdiyi məlumata görə, «Azərbaycan mətbuatı tarixi» (1875-1920)» kitab «Elm və təhsil» nəşriyyatı tərəfindən çap olunur.
Kitabda milli mətbuat tariximizin mənbəşunaslığı, milli mətbuata hazırlıq dövrü, «Əkinçi» ilə başlanan yol, «Ziya» (Ziyayi-Qafqaziyyə), «Kəşkül», «Şərqi-Rus», «Həyat», «İrşad», «Füyuzat» kimi qəzet və dərgilər mövcud elmi tədqiqat materialları, monoqrafiyalar və arxiv sənədləri, memuar ədəbiyyatlarından istifadə edilərək yenidən işlənilib. 295 səhifə həcmində olan kitabda «Molla Nəsrəddin» jurnalistika məktəbi ilə yanaşı, I Dünya Müharibəsi ərəfəsində və illərində mətbuat, Haşım bəy Vəzirovun yaratdığı mətbu nümunələri ilə bağlı yazılar əksini tapır, bu nəşrlərin ideya-siyasi istiqamətləri müəyyənləşdirilir: “Kitabın bir bölümü Azərbaycan Xalq Cümhuriyyəti dönəmi mətbuatına həsr edilib. Kitabda həmçinin milli mətbuat nümunələrimizin ilk səhifələrinin şəkilləri yerləşdirilib, bir bölümdə isə tarixi mətbu irsimizin səhifələrindən hissələr dərc edilib”.
Filologiya elmləri doktoru Alxan Bayramoğlunun redaktorluğu və ön sözü ilə nəşr ediləcək kitabın rəyçiləri «Respublika» qəzetinin baş redaktoru, professor Teymur Əhmədov, BDU-nun jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor Nəsir Əhmədlidir.
Xatırladaq ki, sonuncu dəfə iki hissəli «Azərbaycan mətbuatı tarixi» kitabı 1973-1974-cü illərdə çap edilib. Müəllif 35 ildən sonra mətbuat tariximizin yazılmamasından yaranan boşluğu doldurmağa çalışıb. Kitabın Milli Mətbuat günü ərəfəsində təqdimatının keçirilməsi planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR