Bank Of Baku

Mətbuat Şurası yaxın günlərdə daha bir neçə “reket” qəzetin adını açıqlayacaq

Mətbuat Şurası yaxın günlərdə daha bir neçə “reket” qəzetin adını açıqlayacaq
# 21 iyul 2009 14:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin (İH) iclası keçirilib. APA-nın məlumatına görə, əvvəlcə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu məsələsinə baxılıb. Müzakirələrdən sonra Sabirabadın «Suqovuşan», Qubanın «Şəfəq», Sumqayıtın «Sumqayıt» qəzetləri, «Bahar», «Hüquqi dövlət və qanun» jurnalları, «Kaspi» və «Qaya» Mətbuat Yayımları MŞ sıralarına qəbul olunub.

Sonra Şuranın Şikayətlər üzrə Komissiyasının rəyləri nəzərdən keçirilib. İdarə Heyəti 8 məsələ barədə çıxarılmış rəylərə əsasən müvafiq qərarlar qəbul edib. İclasda Azərbaycan Mətbuat Şurasının 2009-cu ilin birinci yarısında gördüyü işlərə dair hesabatı geniş müzakirələr doğurub. Hesabat bir sıra əlavə və düzəlişlərlə yekdilliklə qəbul olunub. Qərara alınıb ki, bu sənədin mətni ölkə KİV-lərində yayılsın və ayrıca müzakirəsi təşkil edilsin.

İclasda bir neçə şikayət üzrə də müzakirələr təşkil olunub. «Gündəm xəbər» qəzetində Mərkəzi Ordu İdman Klubu barədə gedən yazının müzakirəsi zamanı tərəflər dinlənilib. Müzakirələr zamanı qərara gəlinib ki, yazı «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra tələblərinə sayğısızlıqla qələmə alınıb. İH nəşrə xəbərdarlıq olunması barədə qərar qəbul edib və onun yaxın aylarda çıxan saylarında peşə davranışı qaydalarının monitorinqinin aparılmasını məqsədə uyğun sayıb. Eyni qərar Qazax Doğum Evi rəhbərliyinin «Qərb xəbərləri» qəzeti barədə şikayəti araşdırılarkən də çıxarılıb.

İclasda Mətbuat Şurasının «Reket” jurnalistikaya qarşı mübarizə komissiyasının təqdimatı əsasında adları Şuranın «qara siyahı»sına əlavə olunacaq nəşrlər barədə də qərar qəbul edilib. Həmin siyahı yaxın günlərdə media və ictimaiyyət üçün açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR