Bank Of Baku

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası Milli Mətbuat Günü münasibətilə tədbir keçirib

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası Milli Mətbuat Günü münasibətilə tədbir keçirib
# 22 iyul 2009 16:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu Mətbuat Şurası ilə birgə 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirib. APA-nın məlumatına görə, Fondun icraçı direktoru Vüqar Səfərli, Fondun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu və MŞ sədri Əflatun Amaşov çıxışlarında Azərbaycan mətbuatının keçdiyi yol və hazırkı vəziyyəti barədə fikirlərini söyləyiblər.

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxışında Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin Azərbaycan mətbuatının inkişafında yeri və rolu barədə danışıb: “Bu qəzet siyasi və şəxsi məqsədlər üçün yox, xalqın maraqları üçün yaradılmışdı. Sonrakı dövrdə bu missiyanı Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov və digər ziyalılar davam etdirdi. Azərbaycanın qabaqcıl ziyalıları mətbuat vasitəsilə xalqın maariflənməsinə, mənəviyyatımızın zənginləşməsinə çalışıblar. Onların nə cəmiyyətdə tanınmaq, nə də üstünlük əldə etmək məqsədləri olub”.

Sovet dövründə mətbuatın dilimizin və mədəniyyətimizin inkişafına təkan verdiyini vurğulayan Ə. Həsənov SSRİ-nin süqutuna yaxın Sabir Rüstəmxanlı və digər ziyalıların mətbuat tariximizdəki rolundan söz açıb. O, çağdaş Azərbaycan mətbuatının inkişafda olduğunu söyləyib: “Amma mətbuatımız problemlərdən də xali deyil. Medianın peşəkarlıq səviyyəsi aşağıdır. 5 peşəkar jurnalist varsa, 55 jurnalist vəsiqəsi gəzdirən var. Təəssüf ki, qəzet səhifələrində gündəlik görünən bəzi insanlar Azərbaycan xalqına nə mənəvi ruh verə, nə də inkişafına səbəb ola bilərlər. Bütün bunlar mediamızın inkişafına ciddi əngəl törədir”.

Milli mətbuatın inkişafında Heydər Əliyevin rolundan danışan Ə. Həsənov qeyd edib ki, Azərbaycan tarixində mətbuatın inkişafına qayğı göstərən ikinci belə bir siyasətçi yoxdur. O, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun gündəlik nəşrlərlə yanaşı, həftəlik qəzetlərə də yardım göstərməsinə tərəfdar olduğunu deyib. PA rəsmisi Azərbaycan hakimiyyətinin “Diffamasiya haqqında” qanunun qəbul olunmasına tərəfdar olduğunu bildirib: “Təəssüf ki, media ilə cəmiyyət arasında bəzi problemlər var. Bunları aradan qaldırmalıyıq. Bəzi jurnalistlərin qeyri-peşəkarlığı imkan vermir ki, bütün media nümayəndələri cəmiyyətdə imtiyazlardan istifadə etsinlər”.

Çıxışlardan sonra bədii hissə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR