Bank Of Baku

“Respublika” qəzeti nəşrini dayandırıb

“Respublika” qəzeti nəşrini dayandırıb
# 09 oktyabr 2009 11:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda çap olunan “Respublika” qəzeti nəşrini dayandırıb. Qəzetin baş redaktoru Teymur Əhmədov APA-ya açıqlamasında bildirib ki, bu, kağız çatışmazlığı ilə bağlıdır: “Əvvəllər bizə dövlət tərəfindən kağızla bağlı dəstək verilirdi, amma əksər hallarda kağızı özümüz almışıq, başqa bir yerdən dəstək olmayıb. Son bir ildə isə qəzetin vəziyyəti ağırlaşdı. Redaksiyanın icarə haqqını da, kağızın pulunu da, müəlliflərin qonorarlarını da özümüz vermişik. Bir il əvvəldən qəzetin səhifəsini artırdıq, rəngli çap olunmağa başladı. Bu da xərcləri artırdı. Son beş-altı ayda biz müəlliflərə qonorar verə bilmədik və ciddi maliyyə problemi yarandı”.

T. Əhmədov bildirib ki, qəzetin maliyyə probleminin yaranması mətbuat yayım firmalarının redaksiyanın pulunu vaxtında verməməsi ilə bağlıdır: “Bizim yeddi mindən çox abunəçimiz var. Bu abunəçiləri ağır zəhmət bahasına ətrafımıza toplamışıq. Amma yayım firmaları abunələrin də pulunu vermir”. T. Əhmədov bildirib ki, 3 aydır ki, yayım firmaları redaksiyaya pul ödəmir. Baş redaktor deyib ki, oktyabrın 7-də “Azərbaycan” Nəşriyyatı qəzeti nəşr etməkdən imtina edib. O, problemin həllinin yalnız yayım firmalarından asılı olduğunu qeyd edib: “Biz hazırda firmalarla danışıqlar aparırıq ki, pulumuzu ödəsinlər. Çünki bizim ehtiyat vəsaitimiz yoxdur ki, nəşri bərpa edək”.

Baş redaktor qəzetin nəşrini nə zaman bərpa edəcəyi ilə bağlı konkret söz deməyin mümkün olmadığını da bildirib.

Qeyd edək ki, 1990-cı ildə Nazirlər Kabinetinin mətbu orqanı kimi yaradılan “Respublika” qəzetinin hazırda təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektividir. Qəzet həftədə 6 dəfə nəşr olunurdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR