Bank Of Baku

Azərbaycan mətbuatı APA-nın 5 illik yubileyi haqqında

Azərbaycan mətbuatı APA-nın 5 illik yubileyi haqqında
# 13 noyabr 2009 10:33 (UTC +04:00)
Bakı – APA. Azərbaycan mətbuatı APA İnformasiya Agentliyinin 5 illik yubileyi ilə bağlı müxtəlif yazılar dərc etməyə başlayıb. Bu yazılardan biri də bu gün “Şərq” qəzetində dərc olunmuş APA-nın baş direktoru Vüsalə Mahirqızının müsahibəsi, digəri isə “Xalq Cəbhəs” qəzetində işıq üzü görmüş baş redaktor Elçin Mirzəbəylinin müəllif yazısıdır. Həmin yazıları diqqətinizə çatdırırıq.

APA-nın ən böyük rəqibi elə Lent.az-dır”

Vüsalə Mahirqızı: “Biz eyni koridorda otura bilərik, amma tamamilə başqa-başqa redaksiyalardır”

“Onların ayrıca planlaşması olur, xəbər sirrini saxlayırlar”


Beş il öncə Azərbaycanın kütləvi informasiya vasitələri sırasına qoşulan və qısa müddət ərzində böyük uğurlara imza atmağı bacaran APA İnformasiya Agentliyi növbəti ad gününü qeyd edir. Bu münasibətlə agentliyin baş direktoru Vüsalə Mahirqızı ilə həmsöhbət olduq.

Ona həm “Şərq” qəzeti adından təbriklərimizi çatdırdıq, həm də APA-nın 5 yaşının tamamına qədər keçdiyi yol, üzləşdiyi çətinliklər, gələcək planlarla bağlı suallarımızı ünvanladıq. Vüsalə xanım ilk öncə yubiley tədbirinə necə hazırlaşmalarından danışdı. Bildirdi ki, yubiley münasibətilə APA-nın fəaliyyəti haqda film hazırlanıb:

- Orda APA-nın oxucuları, xəbər mənbəmiz olan insanlar, dostlarımız, həmkarlarımız danışır. Filmi yubileyimizdə təqdim etmək üçün hazırlamışıq. Eyni zamanda bazar ertəsi Bakı Əyləncə Mərkəzində yubiley tədbiri keçirəcəyik. Həmçinin qəbul keçirməyi də planlaşdırırıq. Təşəkkür edirəm, siz də daxil olmaqla bütün həmkarlarımıza ki, bizi tək qoymursunuz. Bu həftə mediada demək olar APA həftəsi oldu. KİV-də APA-nın yubileyi ilə bağlı xəbərlər, yazılar getdi. Mən bütün bunlara görə öz təşəkkürümü bildirirəm.

- Yubiley ərəfəsində redaksiyada əhval-ruhiyyə necədir?

- Redaksiya təbii ki, bayram, “5 yaşa gəlib çatdıq” əhval-ruhiyyəsindədir.

- APA-nın əldə etdiyi uğurlara nəzər saldıqda 5 il o qədər də böyük müddət sayıla bilməz. Az müddət ərzində bu mərhələyə gəlib çatmaq çətin olmadı ki?

- Təbii ki, çətinliklərimiz oldu. Mən inanmıram ki, dünyada asan əldə olunan uğurlar olsun. Bizim üçün də kifayət qədər çətin oldu. 7 nəfərlik balaca bir ofisdə fəaliyyətə başlamışdıq. Yubiley üçün hazırlanan filmdə o ofis də çəkilib. İkiotaqlı balaca bir ofis idi. Cəmi 7 nəfər idik. 7 nəfərə cəmi 5 bilgisayarımız var idi. Belə bir vəziyyətdə başlamışdıq. Amma indi APA-nın 150 nəfərlik kollektivi, böyük ofisi var, çoxlu şöbələri, dünyanın səkkiz ölkəsində, Azərbaycanın bütün bölgələrində bürolarımız fəaliyyət göstərir. Bu mərhələyə gəlincə, çox çətin oldu.

- Əsas çətinlikləriniz nə ilə bağlı idi?
- Bazarda çoxlu rəqiblərimiz var idi, indi də var. Rəqabət mühiti bu gün də genişlənir. Nəzərə alaq ki, indiki şəraitdə öndə olmaq çox çətindir. Ümumiyyətlə, xəbər tapmaq, xəbərlə işləmək çox çətindir, o xəbərlə ki onu həm müxalifət, həm iqtidar, həm də müstəqil media qəbul edir. Xəbərin ömrü saniyələrlə ölçülür. Həm də əsas məsələ xəbəri tez vermək deyil, dolğun, obyektiv, qərəzsiz, tərəfsiz xəbər verməkdir. Bütün bunları etmək indiki zamanda bir az çətindir. Çoxlu ittihamlar oldu bu beş il müddətində, bizim adımızı çoxlu adamların adı ilə yanaşı çəkdilər, bəzi yazılarımız oldu, ondan müxalifət düşərgəsi incidi, bizi iqtidara işləməkdə ittiham etdilər, bəzi xəbərlərimiz də oldu ki, ondan iqtidar düşərgəsi incidi, bizi müxalifətə işləməkdə ittiham etdilər. Bütün bu qarşılıqlı mübarizələr, işçi qoparmaq cəhdləri, xəbər sahəsində rəqiblərlə atışmalar, bütün bunlardan keçib sonra 5 ildən dönüb arxaya baxmaq və görmək ki, bu qədər yaxşı yol gəlmişik, təbii ki, bu çox məmnunedicidir. Artıq biz daha çox APA-nın Azərbaycanın daxilində necə xəbər yazması ilə deyil, Azərbaycandan xaricdə necə təmsil olunması, beynəlxalq konfranslarda APA-nın adı ilə Azərbaycanı təmsil etmək, daha çox beynəlxalq bürolar, təmsilçiliklər açmaq, daha çox böyük ölkələrin kütləvi informasiya vasitələri ilə əməkdaşlıq müqavilələri imzalamaq üstündə işləyirik. Hesab edirəm ki, biz artıq daxili bazarı qət etmişik və ön sıralardayıq. Ona görə də bizim üçün daha çox xaricə meyllənmək, xariclə işləmək perspektivi durur. Bəzi dostlarımız hesab edirlər ki, APA-ya xəbərlər sinidə gəlir, belə şey yoxdur. Biz xəbərlərimizin hamısını “dırnaqlarımızla” əldə edirik. Bu gün də xəbərdə birinci olmaq üçün mücadiləmiz davam edir.

- Azərbaycanda APA-dan başqa da xəbər agentlikləri fəaliyyət göstərir. Doğrudan, rəqabət hiss edirsinizmi, yoxsa özünüzü birinci yerdə sayırsınız?

- Mən özümüzü birinci yerdə saymaya bilərəm. Siz doğrudan bizi birinci yerdə hesab etmirsiniz?

- Biz sizi birinci sayırıq. Amma sizin necə düşünməyiniz maraqlıdır...

- Bu gün Azərbaycan üçün bu reallıqdır. Bunu mən deyəndə bəziləri qıcıqlanırlar. İstəməzdim ki, yubiley günlərində, mənim üçün sözün həqiqi mənasında çox əlamətdar olan bir gündə yenə də kimlərləsə debatlara, filanlara başlayaq. Amma reallıq bundan ibarətdir ki, APA bu gün Azərbaycanda birincidir və bizim rəqiblərimiz bizi ötmək uğrunda deyil, bizə çatmaq uğrunda mübarizə aparırlar. Bu məni məmnun edir.

- Bir müddət öncə lent.az fəaliyyətə başladı və qısa müddət ərzində uğur qazana bildi. Yəqin ki, yeni layihələr barədə düşünürsünüz...

- Təbii, olacaq. Amma lent.az-ın APA-ya o qədər də aidiyyəti yoxdur. Bu, şəxsi olaraq mənim proyektimdir, APA-nın proyekti deyil. Mən sizə deyim ki, hansısa mənada lent.az APA konsepsiyasında qəbul olunmayan bir konsepsiyadır. Yəni APA-nın kollektivi tərəfindən o qədər də böyük sevgi ilə qəbul olunan konsepsiya deyil. Onlar üçün lent.az böyük rəqibdir.

- Yəqin APA-nın əməkdaşları lent.az-a qısqanclıqla yanaşır...

- Mən buna qısqanclıq deməzdim. Xəbər mübadiləsi gedir. Bizim Azərbaycanın daxili ilə bağlı xəbərlərdə ən böyük rəqiblərimizdən biri elə Lent.az-dır. Lent.az bəzən görürsən bizdə olmayan xəbərləri verir. Çünki onun tamamilə ayrı heyəti var. Biz bir koridorda otura bilərik, amma tamamilə ayrı redaksiyalardır. Özlərinin ayrıca planlaşması olur, xəbər sirlərini saxlayırlar. Bəzən görürsən ki, saytın birinci səhifəsinə hansısa xəbər çıxıb, o xəbər APA-da yoxdur. Bu da normal rəqabət mühiti formalaşdırır. Ona görə də APA-da o proyekt o qədər də sevgi ilə qarşılanmır.

- Yeni hansı proyektiniz var?

- Növbəti bir proyektimiz var, amma mən bunu hələlik açıqlamaq istəmirəm. Yaxın bir-iki ayda yeni bir layihəmiz olacaq, növbəti bir saytımız açılacaq. O da Azərbaycan dilində olan sosial yükü olan bir layihədir. Spesifik bir ixtisas sahəsi ilə bağlıdır. Amma gəlin onu açıqlamayaq. Çünki açıqlayanda onu məndən qabaq yaradırlar.

- Bildirdiniz ki, APA-nın 150 nəfərlik bir kollektivi var. Kifayət qədər böyük kollektivdir. 150 nəfər işçinin problemlərini həll edə bilirsinizmi?

- Mən əməkdaşlarımla əvvəlcədən şərt kəsmişəm ki, onların problemləri olanda mən onu onların kənarda kiməsə deməklərini eşitməyəcəm. O problemlər mənə deyiləcək və mən də o problemləri bacardığım qədər həll etməyə çalışacam. Müəyyən qədər də çalışıram. Nələr etdiyimi demək istəmirəm. Bu, nə rəhbər olaraq, nə də onların dostu olaraq etik cəhətdən düzgün çıxmaz. Amma mən doğrudan da çalışıram ki, bizim əməkdaşlar kirayədə qalmasın, onların hansısa problemlərini həll edək. Eyni zamanda mən çalışıram ki, əməkdaşlarımızın heç olmasa nəqliyyat problemi olmasın, bu problemlər varsa, heç olmasa aldıqları maaşla evlərinin orta ehtiyacını ödəsinlər. Çünki bu problemlər həll edilməyəndə jurnalistlərdən keyfiyyətli iş tələb etmək mümkün olmur. Müəyyən epizodik hallarda mən onlara müxtəlif məsələlərdə kömək etmişəm, amma mən əsas öhdəliyimi yerinə yetirməklə məşğul oluram. O öhdəlik də ondan ibarətdir ki, onların maaşı hər ay vaxtlı-vaxtında verilməlidir və verilir. Eyni zamanda mənim öhdəmə düşən işlə bağlı texniki və digər nə təminatlar lazımdırsa, bunların hamısı edilir. Sosial problemlərin həllinə köməklər olur, amma bu, dost köməyidir. Mən bunu Vüsalə olaraq edirəm, APA-nın baş direktoru olaraq etmirəm. Amma eyni zamanda mən əməkdaşlarıma da çox minnətdaram. Sözün həqiqi mənasında, bu gün APA bu qədər böyük səslənən APA-dırsa, bu da bizim əməkdaşlarımızın sayəsindədir. Onların hər birinə gecə saat 12, 1, 2, şənbə günü, bazar günü, nə vaxt olmasından asılı olmayaraq deyirsənsə ki, bu iş var, ardınca getmək lazımdır, artıq onda “mənim zamanım yoxdu, mən işdə deyiləm” və sair kimi hallar olmur. Mən hələ belə bir şeylə rastlaşmamışam. Bizim əməkdaşlarımız APA ilə bağlı tapşırıqları yerinə yetirməyə, dünyanın istənilən nöqtəsinə getməyə, hadisələrin ən qızğın yerində olmağa hazır olublar. Mən hesab edirəm ki, APA-nın bu uğurunda da əməkdaşlarımızın fədakarlığının çox böyük rolu və payı var.

- Gələcəkdə nə vaxtsa evsiz əməkdaşlarınıza APA-nın vəsaiti hesabına mənzillərin tikilməsini düşünürsünüzmü?

- Bizim Mətbuat Şurasında sosial komissiyanın bir təklifi var idi. Mənim bildiyimə görə, artıq təkliflər hökumətə çatdırılıb. Bu təkliflərdə jurnalistlər üçün güzəştli kreditlərlə evlərin tikilməsi öz əksini tapıb. Əgər belə bir proyekt olarsa, mən məmnuniyyətlə o vəsaitin bəlli bir hissəsinin şirkətin hesabına birdəfəlik ödənilməsinə hazıram. Qalan hissəsini isə jurnalistlərimiz öz maaşları hesabına aybaay ödəyə bilərlər. Amma indiki halda da mən bacardığım qədər öz jurnalistlərimizin ipoteka kreditləri almasına, ev tikməsinə, torpaq almasına yardım edirəm. Bunu çox böyük fəxrlə deyirəm ki, APA fəaliyyətə başlayanda bizim kollektivin üzvlərinin çox az bir qisminin evi var idi, amma indi bizim çox az işçimizin evi yoxdu. Növbəti illərdə Allah izin versə, onların hamısına kömək edəcəyik ki, ev sahibi olsunlar.



Elçin Mirzəbəyli

5 yaşlı müdrik

Yaxud Qalibləri mühakimə edirlər


...Son vaxtlar illər uzunu bizimlə bir sırada addımlayan, zamanın sınaqlarından keçmiş dostlarımızın doğum günlərini, yaxud onların ərsəyə gətirdiyi və rəhbərlik etdiyi media qurumlarının ildönümlərini hansısa yazılmamış, qəbul edilməmiş standartlar, ölçülər çərçivəsində qutlamağa alışmışıq.

Düşünməyə, zəhmət çəkməyə ehtiyac yoxdur - şablon suallardan ibarət müsahibə və konkret vəziyyətə uyğun korrektələr edilmiş, “üzü adlar görmüş” təbrik... Vəssalam!
...Doğrusu, dünən günorta saatlarına kimi APA-nın (Azəri Press Agentliyi) 5-ci ildönümü ilə bağlı eyni “standart”ların tətbiqini düşünürdüm. Ancaq son 5 ilin və daha öncənin xətirəyəbənzər fraqmentlərini gözümün önündən keçirdikcə qərarımı dəyişdim. Daha doğrusu, sovet dönəminin “komsomol toyları”nda səslənən təbriklərdən zərrə qədər də seçilməyən bu “standart” və şablonların gerçək insan duyğularından nə qədər uzaq olduğunu özüm üçün bir daha yəqinləşdirdim.

5 il öncə Azərbaycanın informasiya məkanına qədəm basan bir agentliyin qısa bir zaman ərzində sözün əsil mənasında brendə çevrilə biləcəyinə bəlkə də APA-nın baş direktoru Vüsalə Mahirqızından, eləcə də ilk gündən onunla bərabər ilğım perspektivlərə, zəmanətsiz bir gələcəyə addımlamağa qərar verən insanlardan özgə kimsəni inandırmaq mümkün deyildi. Şübhəsiz ki, çoxları APA-nın sıradan bir agentlik olacağını, ən yaxşı halda isə özünü təsdiq üçün xeyli zaman sərf edəcəyini düşünürdü. Elə mən də... yenicə yaranan bir agentliyin ildırım sürətilə önə çıxacağını gözləmirdim. Təbii ki, bu yanaşmaya səbəb heç də APA-nın qurucularına olan inamsızlıqdan irəli gəlmirdi. Sadəcə, özlərini “köpək balığı” kimi təqdim edən ufacıq yırtıcıların iddialı bir media qurumunun qarşısında hansı maneələri yarada biləcəyini təsəvvür edirdim.

Bu 5 il ərzində APA-nın hansı çətinliklərdən, hansı sınaqlardan keçdiyini çoxları kimi mən də bilmirəm. Heç bu barədə düşünməmişəm də. Ancaq mövcudluq mücadiləsinin əsas strategiyaya, hədəfə çevrildiyi mediamızda bir addımlıq inkişafın belə hansı çətinliklər hesabına əldə olunduğunu anlamaq üçün, zənnimcə xüsusi istedada və analitik təfəkkürə ehtiyac yoxdur.

APA 5 yaşını qutlayır. Həm də sıradan bir media qurumu kimi yox, söz və informasiya sahibi olaraq...

Nəticə göz önündədir. Belə anlarda eqoizmdən, yaxud özünütəsdiq üçün köməkçi bəhanələr axtarışından doğan arqumentlər heç bir önəm daşımır. Baş tutdu, alındı! Vəssalam, deməli, yerdə qalan nə varsa, sadəcə daxili ziddiyyətlərdən, natamamlıqdan, inamsızlıqdan və çat vermiş eqoların təsəlli tapmaq istəyindən doğan bəsit bəhanələrdir.
“Qalibləri mühakimə etmirlər”...

Qəbul edirəm, şablon və urvatdan salınmış ifadədir. Mən isə əksini düşünürəm: Qalibləri mühakimə edirlər! Və gerçək qalib bu mühakimələrdən daha güclü, daha qətiyyətli, həm də öz xarakterik cizgilərini qoruyaraq çıxmağı bacarandır. Bu zaman o, sözün əsil mənasında Qalib olur, cəm şəkilçisi isə onunla rəqabət aparmaq iddiasında və gücündə olanların payına düşür.

Vüsalə Mahirqızı 5 il ərzində Azərbaycanın informasiya məkanında öz şərtlərini diqtə etməyi bacaran və dolğun, özünəməxsus obrazı olan bir agentlik qurmağı bacardı. Göz önündə olan həqiqət budur.

Yalnız güclülər rəqibin güclü olduğunu dərk edə və bununla hesablaşa bilirlər. Yaxud daha güclü olduqlarını təsdiq etmək üçün intellekt, istedad və zəhmət müstəvisində mücadilə aparırlar. Giley-güzar, dedi-qodu isə zəiflərin, tükənmişlərin təsəlli yeridir.

Xarakter və kütləvilik

Mənim üçün insanlar iki qismə bölünürlər: Xarakteri olanlar və olmayanlar. Ola bilsin ki, bu, müəyyən qədər konkret və subyektiv yanaşmadır. Xüsusilə də sovet psixologiyasından çıxış edən, özündən kənarda “müsbət” və “mənfi” qəhrəman (insan) axtarışına çıxan kəslər üçün...

Lakin insan, xarakterinə xas olunan bütün cizgilərilə birlikdə bütövdür, tamdır. Bu baxımdan, xarakter həm də fərdi keyfiyyətlər üzərində qurulan sosial-ictimai mövcudluğun əlamətidir. Zənnimcə, insan fərdi keyfiyyətlərini, özünəməxsusluğunu itirəndə sadəcə ümumi kütləni təşkil edən elementlərdən birinə çevrilir.
Buna görə də, Vüsalə xanımı əsil xarakter adamı sayıram və bu xüsusiyyət özünü APA-nın fəaliyyətində də büruzə verir, desəm, yanılmaram. Mübaliğəli görünsə də, APA-nın öz siması, öz xarakteri və onu kütləvi informasiya vasitələrinin kütləviliyindən fərqləndirən çoxlu sayda özünəməxsus xüsusiyyətləri var.

Zaman və yaşam

APA 5 yaşını haqladı. Beş ilin nə qədər az, yaxud nə qədər çox olduğunun fərqinə varmayacağam. Çünki zaman subyektiv anlayışdır və bu mənada yanlışlığa yol verə bilərəm. Bu və digər zaman kəsiyinin qısa, ya da uzun olduğunu yalnız və yalnız onu yaşayanlar deyə bilər. Zaman - sadəcə saat əqrəblərilə irəli sıçrayan saniyə, dəqiqə, saat... ölçülərindən ibarət olan bir anlayış deyil. Zaman həm də yaşantıdır...

APA 5 yaşını haqladı. Uşaqdı, yeniyetmədi, gəncdi, cavandı, yaxud ahıldı, deyə bilmərəm. Ancaq bir məqamı özüm üçün dəqiqləşdirmişəm: Sən demə, 5 yaşında da müdrik olmaq mümkünmüş...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR