Bank Of Baku

“Cənubi Qafqaz ölkələrində jurnalist təhsili, təhsilin keyfiyyətinin yüksəldilməsi və yeni texnologiya” mövzusunda VI media konfransı başlayıb

“Cənubi Qafqaz ölkələrində jurnalist təhsili, təhsilin keyfiyyətinin yüksəldilməsi və yeni texnologiya” mövzusunda VI media konfransı başlayıb
# 19 noyabr 2009 08:46 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın paytaxtı Tiflisdə “Cənubi Qafqaz ölkələrində jurnalist təhsili, təhsilin keyfiyyətinin yüksəldilməsi və yeni texnologiya” mövzusunda VI media konfransı başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, iki gün davam edəcək konfransa 70-dək jurnalist qatılıb.

ATƏT-in mətbuat azadlığı üzrə ofisinin dəstəyi ilə baş tutan tədbiri Gürcüstan parlamentinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Akaki Minaşvili açıb. ATƏT-in media və söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti jurnalistlərin xaricdə təhsil almasının təcrübə baxımından önəmli olduğunu deyib. Tiflisdə keçirilən bu konfransın Azərbaycan və Ermənistan jurnalistlərinin yaxınlaşması baxımından mühüm əhəmiyyət daşıdığını söyləyən M. Haraşti, bunun həm də xalq diplomatiyasının tələblərindən irəli gəldiyini vurğulayıb. Onun sözlərinə görə, artıq Ermənistan və Gürcüstan “Diffamasiya haqqında” qanunu qəbul edib: “Mənə məlumat veriblər ki, tezliklə Azərbaycan da diffamasiya ilə bağlı qanun qəbul edəcək”. İngiltərədə “Diffamasiya haqqında” qanunun 2 gün əvvəl qəbul olunduğunu diqqətə çatdıran xüsusi nümayəndə bir sıra Avropa ölkələrində isə hələ də bu qanunun qəbul olunmadığını bildirib.

Konfransın sonunda bəyannamə qəbul olunacaq.

Qeyd edək ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident Administrasiyasını əməkdaşı Kamran Həsənov, millət vəkilləri Elmira Axundova, Lalə Abbasova, APA-nın baş direktoru Vüsalə Mahirqızı, “News.az” saytının rəhbəri Elnur Baimov və digərləri iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR