Bank Of Baku

MTRŞ-də keçirilən təlim kursunda bəzi radioların fəaliyyəti tənqid olunub

MTRŞ-də keçirilən təlim kursunda bəzi radioların fəaliyyəti tənqid olunub
# 16 dekabr 2009 14:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurasında (MTRŞ) “Teleradio jurnalistlərinin peşəkarlıq səviyyəsinin artırılması” layihəsi çərçivəsində “Radio yayımçılarının proqram siyasəti” mövzusunda növbəti təlim kursu keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən MTRŞ-nın ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, hazırda Azərbaycanda 10-dan artıq radio fəaliyyət göstərir. Radioların yayım siyasətində əsas problem mövcud qanunvericilikdə olan bəzi maddələrin pozulmasıdır: “Hazırda radiolarda musiqi və əyləncəli verilişlər üstünlük təşkil edir, dövlət dilindən istifadədə ciddi qüsurlar var, milli-mənəvi dəyərləri pozan verilişlər efirə verilir, intellektual verilişlər azdır”. T. Dadaşovun sözlərinə görə, bəzi radiolar efirə daha çox dinləyicinin diqqətini cəlb etmək üçün intim mövzulara üstünlük verirlər: “Təəssüf ki, bu sırada ilk yeri Azərbaycanın ilk özəl radiosu olan “ANS ÇM” tutur. Bununla bağlı kanala dəfələrlə xəbərdarlıq edilsə də, belə mövzular yenə də efirdə yer alır. Sonuncu belə fakt radionun dekabrın 4-də Tofiq Həsənsoyun aparıcılığı ilə efirə verdiyi verilişdə qeydə alınıb. Həmin verilişdə aparıcı Anar Nağılbazla intim mövzularda söhbət aparılıb. “Radio Antenn”də isə xüsusilə də səhər efirində milli-mənəvi dəyərlərin pozulması faktları qeydə alınıb”.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə bildirib ki, hazırda radiolar üzərində qanunvericilik nəzarəti o qədər də güclü deyil: “Radiolar maarifləndirmə, məlumatlandırma və əyləncə funksiyasını tam əhatə etməlidir. Təəssüf ki, radiolar maarifləndirmə funksiyasını tamam yaddan çıxarıblar. Bu vəzifəni radioların üzərinə qoymalıyıq. Bununla bağlı kanalların hər biri ilə iş aparılmalıdır. Radioların proqram siyasəti dəyişməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR