Bank Of Baku

“İnformasiya azadlığı və media ilə hüquq-mühafizə orqanları münasibətlərinin tənzimlənməsi” mövzusunda dəyirmi masa keçirilib

“İnformasiya azadlığı və media ilə hüquq-mühafizə orqanları münasibətlərinin tənzimlənməsi” mövzusunda dəyirmi masa keçirilib
# 22 dekabr 2009 08:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “İnformasiya azadlığı və media ilə hüquq-mühafizə orqanları münasibətlərinin tənzimlənməsi” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə media nümayəndələri və hüquq mühafizə orqanlarının təmsilçiləri iştirak edib. Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bildirib ki, tədbir ATƏT-in dəstəklədiyi “KİV və hüquq mühafizə orqanları arasında münasibətlərin tənzimlənməsi” layihəsi çərçivəsində keçirilir. Layihə çərçivəsində Azərbaycanın bir sıra bölgələrində region jurnalistləri və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə seminar-treninqlər keçirilib. Layihənin həyata keçirilməsində məqsəd isə mövcud olan problemlərdən çıxış yolunu göstərmək və münasibətlərin tənzimlənməsidir: “Son vaxtlar kütləvi tədbirlərdə daha çox polislə media arasında müəyyən insidentlər yaranır. Bu problemlərin həll olunması vacib məsələdir”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib ki, polislə jurnalistlərin münasibətlərinin tənzimlənməsi üçün mütəmadi tədbirlərin keçirilməsi əhəmiyyətlidir: “Daxili İşlər Nazirliyinin nəzarətində olan məsələlərdən biri də ictimaiyyət və kütləvi informasiya vasitələrinin işləməsini həyata keçirməkdir. Daxili İşlər Nazirliyi heç də mətbuatla əməkdaşlıqdan kənarda qalmaq istəmir. Ona görə də bu münasibətlərin daha yaxşı səviyyədə qurulmasına çalışırıq”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə bildirib ki, jurnalistlərlə polislər arasında problemlər bir sıra hallarda ya psixoloji gərginlikdən və yaxud anlaşılmazlıqdan yaranır: “Problemlərin 90 faizi adi ünsiyyətin qurula bilməməsi ilə bağlıdır. Əgər Daxili İşlər Nazirliyi yerlərdə nəzarəti gücləndirsə, bu problemi həll etmək olar”.

Dəyirmi masada iştirak edən digər şəxslər də mövzu barədə fikirlərini bildirib, jurnalist-polis münasibətlərində olan neqativ halların aradan qaldırılmasına tərəfdar olduqlarını qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR