AzTV-nin əməkdaşları “Ovqat” verilişi ilə bağlı Müəllif Hüquqları Agentliyinin sədrinə müraciət ediblər

AzTV-nin əməkdaşları “Ovqat” verilişi ilə bağlı Müəllif Hüquqları Agentliyinin sədrinə müraciət ediblər
# 06 yanvar 2010 13:46 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşları Mövlud Süleymanlı, Gülsüm Əhmədqızı, Möhbəddin Səməd və Səyyarə Məmmədova Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanova müraciət edərək, “Ovqat” verilişi ilə bağlı müəllif hüquqlarının qorunmasını xahiş ediblər. AzTV-nin mətbuat xidmətindən APA-ya daxil olan müraciətdə deyilir ki, 1993-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində çalışarkən şirkətin sədr müavini olan Mövlud Süleymanlı “Ovqat” adlı radio verilişinin yaradılması barədə təklif irəli sürüb. 1994-cü ilin aprelində “Ovqat” radio verilişi ilk dəfə dinləyicilərə təqdim edilib. Verilişin ilk ssenari müəllifi Gülsüm Əhmədqızı olub. Daha sonradan bir çox şəxslər, o cümlədən Möhbəddin Səməd, Telman Qarayev, İsa İsmayılzadə və digərləri verilişdə ssenari müəllifləri kimi iştirak ediblər: “1994-cü ildə ölkədə müəllif hüquqları ilə bağlı qanun hələ qəbul edilmədiyi üçün biz verilişlə bağlı hüquqlarımızı təsbit edə bilmədik. Sonradan isə gərgin yaradıcı iş bunu etməyə imkan vermədi. “Ovqat” verilişi indi də hazırlanaraq radio dalğalarında yayımlanır. Verilişin televiziya versiyası da hazırlanmışdı və onun efirə getməsinə çox az qalmışdı. Lakin bunu həyata keçirə bilmədik, belə ki, 2006-cı ilin yanvar ayında İctimai Televiziyada eyni adlı “Ovqat” verilişi efirə getməyə başladı. İctimai Televiziyada yayımlanan “Ovqat” verilişinin adı, ideyası, ssenarisi, forma və məzmunu bütövlükdə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində hazırlanan “Ovqat” radio verilişindən götürülüb. Biz hesab edirik ki, uzun illər boyu çalışdığımız “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin, həm də müəllif kimi bizim şəxsi hüquqlarımız pozulub. Qeyd olunanlara əsasən, “Ovqat” verilişi ilə bağlı hüquqlarımızın qorunmasında bizə kömək etməyinizi xahiş edirik”.

Müraciətə sözügedən verilişin aparıcısı Səyyarə Məmmədovanın ərizəsi də əlavə olunub. Həmin ərizədə S. Məmmədova 2006-cı ilin yanvar ayının 15-dən İctimai Televiziyada yayımlanan “Ovqat” verilişinin həm ssenari müəllifi, həm də aparıcısı olduğunu, bu verilişin forma və məzmununun AzTV-nin məhsulu olan “Ovqat” verilişindən götürdüyünü bildirib: “4 il ərzində həmin verilişi mən aparmışam. 2009-cu ilin sentyabr ayının 27-də “Ovqat” verilişində sonuncu dəfə efirə çıxmışam. Öz ərizəmlə verilişin müstəsna istifadə hüquqlarını İctimai Televiziyaya versəm də, müəllif kimi şəxsi hüquqlarım qanunvericiliklə qorunur. Belə ki, məndən sonra hazırlanan “Ovqat” verilişlərində mənim həmin verilişin müəllifi olmağım barədə yazı (titr) getməli olsa da, adım yeni verilişdən çıxarılıb. Hesab edirəm ki, bu mənim şəxsi hüquqlarımın (ad hüququnun) kobud surətdə pozulmasıdır”.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Tahir Məmmədov “Ovqat” verilişinin müəlliflik hüququn təmsil etdiyi televiziyaya məxsus olduğunu deyib: “Bu hüququ təsdiq edən şəhadətnamə var. Heç kim bu hüquqdan sui-istifadə edə bilməz. Biz öz hüquqlarımızı qanunun tələb etdiyi formada müdafiə edəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR