Bank Of Baku

MTRŞ sədri: “Yeni televiziya kanalının açılması müzakirə mövzusudur”

MTRŞ sədri: “Yeni televiziya kanalının açılması müzakirə mövzusudur”
# 11 fevral 2010 14:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Parlament seçkilərinə qədər Azərbaycanın bütün əsas bölgələrində televiziya kanallarının yaradılmasını təmin etmək istəyirik ki, namizədlər Bakıya axışıb gəlməsinlər, regionlarda öz təbliğatlarını qura bilsinlər. Ona görə də biz Şirvan şəhərində, ümumiyyətlə, Şirvan bölgəsində belə bir telekanalın açılması barədə düşünürük. Amma tək bizim istəyimiz kifayət deyil, bunun üçün zəruri şərait də yaradılmalıdır”. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, bunun üçün reklam bazarı, kadr potensialı olmalıdır: “İndi televiziya kanallarına verdiyimiz tələblər 10 il əvvəlki tələblər deyil. İndi açılan telekanallar kadr və maddi texniki baza cəhətdən müasir tələblərə cavab verməlidir. Regionda isə belə məsələlərə o qədər də maraq göstərmirlər”.
N. Məhərrəmlinin sözlərinə görə, hələlik MTRŞ yeni televiziya kanalının açılması ilə bağlı qəti qərar verməyib: “Bu, müzakirə mövzusudur. Biz bu məsələni araşdırırıq. Bizim bəzi regionlardakı regional kanalların vəziyyəti o qədər də yaxşı deyil. Ona görə də biz bunlardan nəticə çıxarırıq. Fikirləşirik ki, reklam bazarı ilə bağlı vəziyyət yaxşı olarsa, bu sahədə heç bir problem olmaz”.
Şura sədri deyib ki, parlament seçkiləri ilə bağlı təbliğat və təşviqat məsələləri Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə də müzakirə olunub: “Seçkiqabağı təbliğat və təşviqat məsələləri ilə bağlı ciddi dəyişiklik yoxdur. Bu məsələ Seçki Məcəlləsi ilə tənzimlənir. Seçki Məcəlləsinə görə, hər bir namizəd öz təbliğatını reklama qoyulan tələblər çərçivəsində aparmalıdır. Buna görə də namizədlər indidən başa düşməlidirlər ki, onların seçki təbliğatını aparmaq üçün televiziyalar onlara istədikləri qədər vaxt verə bilməyəcək. Bu məsələ qanunvericiliyə uyğun tənzimlənəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR