Bank Of Baku

“Azərbaycan KİV-nin dili” mövzusunda konfrans keçiriləcək

“Azərbaycan KİV-nin dili” mövzusunda konfrans keçiriləcək
# 07 aprel 2010 16:17 (UTC +04:00)
Bakı – APA. Bu ilin aprel ayının üçüncü ongünlüyündə Mətbuat Şurası Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu birgə “Azərbaycan KİV-nin dili” mövzusunda illik konfrans keçirəcək. Bu barədə APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Onun sözlərinə görə, tədbirdə Dilçilik İnstitutunun tanınmış alimləri, KİV rəhbərləri, mütəxəssislər, jurnalistlər iştirak edəcəklər. Konfransda mediamızın dili ilə bağlı məruzələr dinləniləcək, çıxışlar olacaq: “Biz istəyirik ki, mediamızın dilinə önəm verək, ayrı-ayrı KİV-də dillə bağlı davamlı monitorinqlər keçirək, bu sahədə tendensiyanı izləyək, vaxtaşırı problemləri müzakirə edək”.

Ə.Amaşov bu sahədəki problemlərdən birinin yad dillərdən gələn sözlərlə bağlı olduğunu söyləyib: “Bu sözlər Azərbaycan dilində vətəndaşlıq hüquqları qazanırsa, dilimizdə qalırlar, əgər vətəndaşlıq hüququ qazanmırlarsa, xalq o sözləri unudur. Ancaq yad dillərdən gələn sözlər əsasən mətbuatımızda işlənir, mətbuatda yaranır. Bu sözlər mətbuatda nə qədər uzun müddət işlənsə, xalqın hafizəsində bir o qədər qalır. Bu məsələ ilə bağlı müəyyən problemlər var”.

Mətbuat Şurasının sədri mətbuatımızdakı orfoqrafik səhvlərə də toxunub. Onun sözlərinə görə, son zamanlar informasiya-kommunikasiya texnologiyalarının inkişafı, kompüterin geniş yayılması ilə əlaqədar redaksiyalarda da müəyyən vəzifə bölgüləri aparılıb və əksər redaksiyalarda korrektor ştatları götürülüb: “Jurnalist yazır, redaktor oxuyur, səhifəyə qoyur. Hətta aparıcı qəzetlərimizdə diqqətdən yayınan elə səhvlər olur ki, bu, istər-istəməz oxucuda qəzet barədə müəyyən mənfi fikir yaranmasına əsas verir”.

Ə.Amaşov Mətbuat Şurasının Dilçilik İnstitut ilə bu mövzuda mütəmadi tədbirlər keçirməyi nəzərdə tutduğunu vurğulayıb: “İstəyirik ki, konfransdakı çıxışları sonradan kitabça halında çap etdirək və problemlərin geniş müzakirəsini aparaq. İctimai-siyasi həyatda baş verən olayların daşıyıcısı KİV və dildir. Millətin mənəvi baxımından dilin inkişafı mühümdür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR