Bank Of Baku

Mətbuat Şurası Lənkəranda milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş tədbir keçirib

Mətbuat Şurası Lənkəranda milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş tədbir keçirib
# 13 iyul 2010 13:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən sayca beşincisi bu gün Lənkəran şəhərində keçirilib. Mətbuat Şurasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov çıxış edib. O, ölkədə media sahəsində həyata keçirilən dövlət siyasətinin müxtəlif aspektləri barədə məlumat verib.

Lənkəran şəhər icra hakimiyyətinin başçısı Tofiq İbrahimov rayonun Azərbaycanın ictimai fikrində xüsusi yerinin olduğunu deyib. Rəhbərlik etdiyi bölgədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri barədə statistik məlumatlar verən T. İbrahimov medianın kəmiyyət əmsalının keyfiyyətlə uzlaşmasının vacibliyini önə çəkib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda məruzə edib. Şura sədri bildirib ki, 1875-ci ildən bu günədək Azərbaycan mətbuatı respublikanın ictimai-siyasi, sosial-mədəni ab-havasının formalaşmasında başlıca faktor rolunu oynamağı bacarıb. Bunu böyük nailiyyət adlandıran Ə. Amaşov mövcud statusun heç də asanlıqla əldə edilmədiyini vurğulayıb. Ölkədə media sahəsində mükəmməl qanunvericilik bazasının mövcud olduğunu vurğulayan MŞ sədri diqqəti bəzi sui-istifadə hallarına da yönəldib: “Ölkədə qəzet, jurnal, informasiya agentliyi təsis etmək üçün münbit şərait var. Hər kəs cüzi tələbləri yerinə yetirməklə media sahibi ola bilər”.

Məruzə ətrafında çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb. Mətbuata dövlət dəstəyinin prinsip və formaları barədə məlumat verən V. Səfərli qurumun qarşıdakı görəcəyi işlər barədə məlumat verib.

Tədbirdə Mətbuat Şurası İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli öz çıxışlarında media sahəsindəki problemlərdən danışıblar. Həmçinin, “Yeni gün” qəzetinin (Cəlilabad) redaktoru Böyükxan Bağırlı, “Suqovuşan” qəzetinin (Sabirabad) redaktoru Pakizə Məmmədova, “Yeni həyat” qəzetinin (Masallı) redaktoru Əyyub Mehdiyev və digərləri çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR