Bank Of Baku

Tiflisdə Azərbaycan Milli mətbuatının 135 illiyinə həsr olunmuş tədbir keçirilib

Tiflisdə Azərbaycan Milli mətbuatının 135 illiyinə həsr olunmuş tədbir keçirilib
# 21 iyul 2010 18:58 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. İyulun 21-də İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetinin “Azərbaycanın dostları” auditoriyasında Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Milli Mətbuat tarixinin 135 illiyinə həsr edilmiş tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri səfir Namiq Əliyev açaraq Milli mətbuatımızın 135 illik bayramı münasibəti ilə mətbuat nümayəndələrini, o cümlədən Gürcüstanda akkreditə olunan AZTV, İTV, ATV televiziya kanallarında və AzərTac, APA informasiya agentliklərində çalışan jurnalistləri təbrik edib, onlara məsuliyyətli işlərində uğurlar arzulayıb. Tədbirdə İ.Cavaxişvili adına TDU-nun rektoru Georgi Xubua, AzərTac-ın Gürcüstan müxbiri İslam Əliyev, İTV-nın müxbiri Təhməz Təhməzov, «Varlıq» qəzetinin baş redaktoru Rafiq Hümbət, APA-nın Gürcüstan bürosunun müxbiri Nizami Məmmədzadə çıxış edərək Milli mətbuatımızın banisi Həsən bəy Məlikov Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetinin tarixindən, qəzetin nəşri zamanı onun qarşısına çıxan çətinliklərdən, Həsən bəy Zərdabinin redaktor, naşir, darvinist alim kimi səmərəli fəaliyyətindən, jurnalist fədakarlığından, hökumət dairələrinin onu və ailəsini incitməyindən, Həsən bəy Zərdabinin teatrımızın da bünövrəsini “Hacı Qara” komediyasının Bakıda səhnəyə qoymağı ilə və nəhayət bütün bunlarla bu görkəmli şəxsiyyət həm Azərbaycan Milli mətbuatın, həm də teatrımızın əsasını qoyduğundan ətraflı söhbət açıblar. Çıxışlarda Azərbaycan dövlətinin Gürcüstandakı Azərbaycan dilli mətbuata qayğısı, eyni zamanda bu sahədə olan problemlər də vurğulanıb.

Tədbirin sonunda Azərbaycan səfiri Gürcüstanda akkreditə olunan jurnalistlərə və digər qəzet və jurnal redaktorlarına hədiyyələr təqdim edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyin əməkdaşları Şövqi Mehdizadə, Vasif Bədəlov, Gürcüstan parlamentinin deputatı Ramin Bayramov və bir sıra gənclər təşkilatının üzvləri və gürcü ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR