Bank Of Baku

Azərbaycan Prezidenti: “Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik”

Azərbaycan Prezidenti: “Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik”
# 22 iyul 2010 22:16 (UTC +04:00)
Bakı-APA. İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak edib. APA-nın “Azərtac”a istinadən verdiyi xəbərə görə, dövlət başçısı bina ilə tanış olduqdan sonra Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb.

İdarə Heyətinin üzvlərini dövlət başçısına təqdim edən şura sədri Əflatun Amaşov Azərbaycanda mətbuatın inkişafına göstərilən qayğıya görə prezidentə şura üzvlərinin minnətdarlığını çatdırıb. Mətbuat Şurasının müasir standartlara cavab verən yeni binasının prezidentin Azərbaycan jurnalistikasına bayram töhfəsi olduğunu deyən Şura sədri bu siyasətin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyib.
Azərbaycan mətbautının keçdiyi inkişaf yolundan danışan Ə. Amaşov 1998-ci ildə mətbuat üzərindəki senzuranın götürüldüyünü, media sahəsindəki qanunvericiliyin təkmilləşdirildiyini, mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilərək mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaradıldığını qeyd edib: “ Azərbaycan MDB məkanında mətbuatın özünütənzimləmə funksiyasını rəsmiləşdirdi. Bu məkanda ilk Mətbuat Şurası yaradıldı. Qeyd etmək yerinə düşər ki, hələlik postsovet məkanında belə bir təkmil media institutu mövcud deyil. 2007-ci ildə Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə keçirdiyimiz konfransda Azərbaycan Mətbuat Şurası MDB məkanı üçün vahid model kimi götürüldü. Qərara alındı ki, həmin ölkələrdə bu sayaq qurumlar yaradılarkən Azərbaycan Mətbuat Şurasının təcrübəsi əsas götürülsün”.
Ə. Amaşov KİV məhsulları üzərindən əlavə dəyər vergisinin aradan qaldırıldığını, gömrük rüsumunun götürüldüyünü, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dövlət vəsaiti hesabına silindiyini də xatırladıb.

Hazırda mediaya dövlət qayğısını sistemli, uzunmüddətli strategiyaya çevirildiyini deyən Ə.Amaşov KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunduğunu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldığını bildirib.
Şura sədri problemlərə də toxunub: “ Mətbuat Şurasının əsas missiyası mətbuatla ictimaiyyət arasında münasibətləri tənzimləməkdən ibarətdir. Cəmiyyət üzvləri mövqelərindən, vəzifələrindən asılı olmayaraq, mətbuatda barələrində gedən qərəzli, böhtan və şantaj xarakterli materiallarla əlaqədar bizə müraciətlər edirlər. İl ərzində müraciətlərin sayı mini ötür. Qərarlarımız əksər KİV-lər tərəfindən icra olunur. Lakin buna qəsdən məhəl qoymayanlar da vardır. Onlar “reket nəşr”lərdir. Belələri əsasən cəmiyyətdə ayrı-ayrı hüquqi və fiziki şəxslərə, təəssüf hissi ilə qeyd etməliyəm ki, hətta bəzi dövlət rəsmilərinə və qurumlarına istinad edərək Azərbaycanın media mühitini, sözün əsl mənasında korlayırlar. Ona görə də Sizdən xahiş edirəm ki, “reket nəşr”lərə qarşı mübarizəmizə dəstək verəsiniz. İnanın ki, bundan təkcə mətbuat və cəmiyyət deyil, eyni zamanda, təhdidlərə məruz qalan dövlət qurumlarının özləri də faydalanacaqlar”.
Ə. Amaşov “Diffamasiya haqqında” qanunun qəbulunun bir qədər ləngiməsindən yaranmış narahatlığı da ifadə edib.

Şura sədri medianın müstəqilliyinin əsas meyarı olan reklam bazarının hələ də yazılı mətbuatın üzünə qapalı kimi görünməsinin də problemlərdən biri olduğunu deyib: “Bu gün illik reklam büdcəsi, təxminən 35-40 milyon manat olan Azərbaycanda yazılı medianın reklam gəlirləri 2 milyon manata çatmır”.
Ölkədə jurnalist kadrların hazırlanması ilə bağlı problemlərin mövcud olduğunu deyən Ə.Amaşov jurnalistika ixtisası üzrə ali məktəblərə qəbul zamanı qabiliyyət imtahanlarının bərpa olunması təklifi ilə çıxış edib.
Eyni zamanda o, müasir informasiya texnologiyaları və müxtəlif dilləri mükəmməl bilən istedadlı jurnalistlərin hazırlanmasına ciddi ehtiyac olduğunu, bu prosesdə xaricdə təhsilin əsas rol oynaya biləcəyini də vurğulayıb.

Jurnalistlərin sosial durumlarının yaxşılaşdırılması barədə danışan Ə. Amaşov mətbuat işçilərinin xüsusilə mənzil qayğıları olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev görüşdə çıxış edərək, Azərbaycan ictimaiyyətini milli mətbuatın 135 illik yubileyi münasibətilə təbrik edib: “Bizim mətbuatımızın böyük ənənələri var və bu ənənələr yaşayır.
Mən Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Mətbuat Şurası yarandığı gündən ölkəmizdə dövlət qurumları ilə media arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün çox müsbət rol oynayıb. Jurnalistlərin hüquqlarının qorunması işində öz prinsipial mövqeyini həmişə bildirib, ümumiyyətlə, ölkədə söz azadlığının, demokratiyanın inkişafı istiqamətində çox böyük addımlar atıb”.
Prezident Azərbaycanda müstəqil medianın yaranma tarixindən danışıb, söz azadlığının hər bir ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biri olduğunu deyib. Dövlət başçısı ölkədə 30-dan yuxarı gündəlik, 100-ə yaxın həftəlik qəzetin, respublika əhəmiyyətli, yəni bütün ölkəyə verilişlər təqdim edən 8 telekanalın, 14 regional telekanalın yayımlandığını, vətəndaşların internet vasitəsilə dünyada gedən bütün prosesləri sərbəst şəkildə izləmək imkanının olduğunu deyib.
Medianın bugünkü vəziyyətini müsbət qiymətləndirdiyini vurğulayan president bir sıra problemlərin olduğunu da söyləyib. Problemlərin həlli üşün birgə fəaliyyət göstərməyin vacibliyini vurğulayan dövlət başçısı “bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər” deyə, bildirib.
İqtisadi islahatlarıb siyasi islahatlarla paralel aparılmalı olduğunu deyən prezident bildirib ki, xüsusilə təbii sərvətlərlə zəngin olan ölkələrdə iqtisadi islahatların düzgün istiqamətdə aparılması sayəsində qısamüddətli uğurlar əldə oluna bilər: “ Ancaq biz uzunmüddətli inkişafımızı təmin etmək istəyiriksə, mütləq siyasi islahatlar iqtisadi islahatları dəstəkləməlidir, siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılmalıdır. Əlbəttə ki, biz öz siyasətimizdə regionda mövcud olan vəziyyəti, Azərbaycanın reallıqlarını nəzərə alırıq. Eyni zamanda dünyada gedən prosesləri də çox ciddi izləyirik, tarixi də yaxşı bilirik. Bilirik ki, keçid dövrünü yaşayan ölkələr hansı çağırışlarla, hansı problemlərlə üzləşirlər. Azərbaycanda həmin problemlərin minimum səviyyəyə endirilməsi, risklərin azaldılması istiqamətində çox dəqiq, düşünülmüş, ancaq eyni zamanda ardıcıl siyasət aparılmalıdır. Siyasi islahatlar iqtisadi islahatları qabaqlamamalıdır, eyni zamanda, geridə də qalmamalıdır. Mən hesab edirəm ki, biz Azərbaycanda elə bir model yarada bildik ki, həm iqtisadi islahatlar, həm siyasi islahatlar paralel şəkildə aparılır və ölkəmizin hərtərəfli inkişafını təmin edir”.

Ümumbəşəri dəyərləri bölüşməyin vacibliyini qeyd edən ölkə başçısı prioritet dəyərlərin milli dəyərlər olduğunu, bunun üzərində müasir dövlətin qurulmasının qarşıya məqsəd kimi qoyulduğunu bildirib: “Mən hesab edirəm ki, biz bu məqsədə yaxınlaşırıq. Çünki bizim cəmiyyətimizin inkişafı üçün bütün lazımi tədbirlər görülür. Milli mənəvi dəyərlər üzərində müasir, dünyəvi, dünyaya açıq olan dövlət qurmaq bizim əsas məqsədimizdir. Bunu etmək üçün iqtisadi imkanlar olmalıdır, iqtisadi müstəqillik olmalıdır, siyasi azadlıqlar olmalıdır. İndi Azərbaycan dünyada çox böyük və müsbət imicə malik olan ölkədir. Biz Avropa Şurasının, İslam Konfransı Təşkilatının üzvüyük. Nadir ölkələrdənik ki, hər iki təşkilatın üzvüyük və hər iki təşkilatda Azərbaycanın mövqeləri möhkəmlənir. Azərbaycan bu gün və gələcəkdə sivilizasiyalararası dialoqun inkişafı üçün çox mühüm rol oynayır və oynayacaq. Artıq Azərbaycanda bu istiqamətdə bir neçə beynəlxalq tədbirlər də keçirilib. Bizim həm coğrafi vəziyyətimiz, həm keçmişimiz və ümumiyyətlə apardığımız siyasət Azərbaycanın bu istiqamətdəki rolunu artıracaq.

Mən hesab edirəm ki, Azərbaycanda həm iqtisadi, həm siyasi islahatların aparılmasında çox müsbət dəyişikliklər baş verdi. Ancaq o demək deyil ki, bu sahədə bütün problemlər öz həllini tapıb. Biz öz problemlərimizi bilirik, onları həll etməyə çalışırıq. Lazım gələndə beynəlxalq təşkilatlarla məsləhətləşirik, lazım gələndə onların məsləhətlərinə də ciddi yanaşırıq. Ancaq son qərarı özümüz qəbul edirik, yəni Azərbaycan xalqı qəbul edir. Bu, bizim hüququmuzdur. Bizim müstəqil tariximiz bir neçə dəfə göstərib ki, Azərbaycan xalqının iradəsi əsasında qəbul edilmiş qərarlar müsbət nəticələr verir. Biz bundan sonra da bu sahədə müstəqil addımlarımızı davam etdirəcəyik ki, ölkəmizi uğurla və sürətlə inkişaf etdirək”.

Prezident reket jurnalistikasına qarşı birgə mübarizə aparmağın vacibliyini vurğulayıb: “Bu mübarizənin sivil qaydaları olmalıdır. Mən hesab edirəm ki, biz reket jurnalistikasına, necə deyərlər, onların üsulu ilə cavab verməməliyik. O neqativ hallara yol verən vətəndaşlar ictimai qınaq obyektinə çevrilməlidir. İctimaiyyətdə onlara qarşı ciddi reaksiya verilməlidir. Dövlətin üzərinə düşən vəzifəni də dövlət etməyə hazırdır. Ancaq bütün bu işlər qanun çərçivəsində olmalıdır. Mən ümid edirəm ki, yaxın zamanlarda bizim adət-ənənələrimizə zidd olan bu nöqsanlar aradan qaldırılacaq, buna müəyyən qədər vaxt lazımdır. Çünki biz müstəqil ölkə kimi cəmi 20 ilə yaxındır ki, yaşayırıq”.

Diffamasiya ilə bağlı məsələdən danışan ölkə başçısı Avropanın inkişaf etmiş ölkələrində bu məsələ ilə bağlı birmənalı mövqe olmadığını xatırladıb: “Biz Avropa Şurası ilə münasibətlərimizdə dəfələrlə bu məsələ ətrafında fikir mübadiləsi aparmışıq. Biz bu qanunun qəbul olunmasının əleyhinə deyilik. Nəzərə alsaq ki, Azərbaycanda söz azadlığına görə heç kim həbs olunmur, deyə bilərik ki, bu sahədə bir növ qeyri-rəsmi moratorium qeyd olunub. Ancaq biz istəyirik ki, bütün ölkələr öz fəaliyyətini bu kriteriyalara uyğun göstərsinlər. Bəzi hallarda beynəlxalq təşkilatlar Azərbaycana xüsusi diqqət göstərirlər. Ola bilər ki, bəzi məsələlərlə bağlı bu xüsusi diqqət təqdirəlayiqdir. Amma bəzi hallarda bu ayrı-seçkilik başqa məna daşıyır və xüsusilə Avropa Şurası ilə bağlı bizim münasibətlərimizin inkişafı bunu göstərir. Mən bu məsələ ilə bilavasitə məşğul olan bir insan kimi və Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri kimi bütün bu işləri yaxından bilirəm. Deyə bilərəm ki, 2001-ci ildən başlayaraq bu günə qədər Azərbaycana qarşı bəzi hallarda aparılan ədalətsiz mübarizə bizdə çox böyük hiddət doğurur. Çünki hər şey ədalətli olmalıdır. Ədalət ən böyük meyardır. Əlbəttə ki, Azərbaycan cəmiyyətində problemlər var. Biz bu problemləri bilirik. Ancaq hər bir ölkəyə vahid meyarlarla yanaşılmalıdır. Azərbaycanın yerləşdiyi bölgədə, qonşuluqda yerləşən ölkələrdə problemlər bizim problemlərdən az deyil. Bəzi hallarda o məsələlərə göz yumulur, yaxud da ki, yanlış məlumat təqdim olunur. Azərbaycanda isə xırda məsələ ilə bağlı böyük hay-küy salınır. Sanki kimsə istəyir ki, Azərbaycanın reputasiyasına zərbə vursun. Biz çox yaxşı bilirik ki, 2008-ci ildə Ermənistanda prezident seçkiləri nəticəsində ordunun iştirakı ilə 10-dan yuxarı insan öldürülüb, yüzlərlə insan həbs olunub, prezidentliyə namizəd ev dustağı olub, millət vəkilləri, media nümayəndələri həbs ediliblər. Ancaq sadəcə bir neçə gün ondan sonra müəyyən mətbuat orqanlarında bu barədə məlumat getdi, ondan sonra elə bil ki, bu, heç olmayıb, nə beynəlxalq mediada, nə də ki, Avropa Şurasında, nə də başqa yerdə məlumat verilmədi. İndi də bu məsələ ilə bağlı vaxtaşırı kimsə məsələ qaldırır, amma bu mövzu geniş mənada bağlanıb.

Azərbaycanda isə müqayisəolunmaz dərəcədə bir xırda məsələ baş verən kimi, dərhal beynəlxalq media orqanlarına çıxarılır. Azərbaycanı elə bil ki, antidemokratik ölkə kimi təqdim etməyə çalışırlar. Bu, bizə qarşı aparılan məqsədyönlü və ədalətsiz mübarizədir. Biz bu mübarizəyə hazırıq və bu mübarizəyə qarşı ancaq öz siyasətimizi, sözün yaxşı mənasında inadkarlığımızı qoymalıyıq və qoyuruq ki, Azərbaycanın maraqlarını müdafiə edək. Ona görə diffamasiya ilə bağlı məsələlərə gəldikdə, mən hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır və qanunvericilikdə müvafiq düzəlişlər edilməlidir. Amma çox istərdik ki, özlərini demokratiyanın beşiyi sayan inkişaf etmiş ölkələrdə də bu məsələ ilə bağlı addımlar atılsın”.

Azərbaycanda reklam bazarının hələ ki, o qədər də böyük olmadığını deyən ölkə başçısı söylənilən rəqəmlərin bölgünün ədalətsiz aparılmasından xəbər verdiyini də bildirib: “Əgər 40 milyonun ancaq 2 milyonu yazılı mediaya verilirsə, əlbəttə ki, bu, dözülməz haldır. Mən çalışacağam ki, bu məsələ ilə bağlı müəyyən addımlar atılsın. Dövlət tərəfindən müəyyən tövsiyələr veriləcək”.

Jurnalist kadrların hazırlanması ilə bağlı qaldırılmış məsələnin çox vacib olduğunu deyən dövlət başçısı müxtəlif proqramlar əsasında bu məsələ ilə daha da ciddi məşğul olunmasının vacibliyini vurğulayıb: “Jurnalistikada peşəkar kadrların işləməsi vacibdir. Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada, qeyd etdiyiniz, reket məsələləri də aradan qaldırılacaq. Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaq. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaq. Mən hesab edirəm ki, bunun vaxtı çatıb”.

Azərbaycanda söz azadlığı olduğunu deyən prezident “biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik. Azərbaycan dövləti və iqtidarı tənqidlərə də, hətta təhqirlərə də dözümlüdür. Mən Prezident kimi buna əhəmiyyət vermirəm. Ancaq söhbət ondan getmir. Söhbət ondan gedir ki, bizim cəmiyyətdə belə hallar çox pis qarşılanır. Mediada yalan informasiyanın verilməsi qəbuledilməzdir. Əvvəlki dövrlərdə bu, çox geniş meydan tapmış bir yanaşma idi. Yalan informasiyanı ortaya atmaq, sensasiya yaratmaq, ondan sonra bu yalanın ətrafında müzakirələr aparmaq, elə bil ki, bunu reallığa çevirmək, ondan sonra bu yalanı xarici mediaya ötürmək və sonra bunu bir dəqiq xəbər kimi yenə qaytarmaq - bütün bunları biz bilirik. Mən hesab edirəm ki, bu siyasi mübarizə üsulu Azərbaycanın siyasi səhnəsindən getməlidir. Burada əlbəttə ki, medianın rolu çox böyükdür. Yəni bu gün internet dövründə hər bir yazını dünyada oxumaq olar və bir dəfə, iki dəfə, üç dəfə yalan yazılanda, dördüncü dəfə artıq o medianın hörməti də düşəcək, o orqana inam da azalacaq”.

Jurnalistlərin məsuliyyəti məsələsinə münasibət bildirən prezident jurnalistikada qərəzsiz mövqenin çox vacib olduğunu qeyd edib: “Mən media sahəsində gələcək inkişafı müstəqil, sözün əsl mənasında müstəqil medianın gücləndirilməsində görürəm. Çünki hələ ki, bizdə bu sahədə, xüsusilə yazılı mediada siyasiləşmə meyilləri çox güclüdür. Ola bilər ki, bu, müəyyən mərhələdə - Azərbaycanda siyasi sistem, siyasi münasibətlər formalaşdığı bir dövrdə qaçılmaz idi. Ancaq mən hesab edirəm ki, bu gün medianın inkişafı üçün siyasiləşmə prosesi gərək azalsın. Çünki birinci növbədə, Azərbaycan cəmiyyəti siyasiləşmiş cəmiyyət deyil. Azərbaycan cəmiyyəti vətənpərvər cəmiyyətdir. Dövlətə, dövlətçiliyə sadiq olan cəmiyyətdir, ancaq siyasiləşmiş cəmiyyət deyildir. Hesab edirəm ki, cəmiyyəti süni şəkildə siyasiləşdirmək bizə uğur gətirə bilməz. Hər şey təbii olmalıdır, o cümlədən mediada da. Siyasi sifarişlərlə çıxan orqanlar nə qədər az olarsa, bizim mediamız da o qədər həm güclü, həm də ki, daha da müsbət reputasiyaya malik olacaq”.

Prezident bəzi hallarda xarici dairələrin təsiri altında çıxan orqanlarının fəaliyyət göstərdiyni də deyib: “Onların sifarişi ilə yazılan məqalələr də dərc olunur. Bu məsələ ilə də bağlı məndə kifayət qədər məlumatlar var. Mən indi ad çəkmək istəmirəm, amma sadəcə olaraq fikrimi bildirmək istəyirəm ki, bu, ümumiyyətlə yolverilməzdir. İndi hansısa daxildən gələn siyasi sifariş əsasında yazılan məqalə, yaxud da ki, hansısa başqa reportaj qəbulolunmaz olsa da, bu, bizə o qədər də böyük problem yaratmaz. Ancaq xarici dairələrin sifarişi ilə, göstərişi ilə və onların planları əsasında Azərbaycanda hansısa mövzu ətrafında rəy yaratmaq cəhdlərinə, ümumiyyətlə, son qoyulmalıdır. Burada mən sadəcə olaraq jurnalistləri vətənpərvərliyə çağırıram. Biz imkan verməməliyik ki, Azərbaycan hansısa qüvvələrin, xarici dairələrin qarşıdurma arenasına çevrilsin. Mən bunu bir neçə dəfə bildirmişəm. Prezident vəzifəsinə gələndən dərhal sonra bildirmişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan başqa ölkələrin maraqlarının toqquşması yeri olmayacaq. Biz buna nail ola bilmişik, baxmayaraq ki, belə cəhdlər var və istisna olunmur ki, gələcəkdə də olacaq. Çünki bizim geosiyasi vəziyyətimiz, bizim apardığımız siyasət və ümumiyyətlə bölgədəki mövqelərimiz, əlbəttə ki, Azərbaycana diqqəti və marağı cəlb edir. Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da onilliklər ərzində Azərbaycan xalqının iradəsi ilə idarə olunsun. Biz Azərbaycan xalqının iradəsi ilə dövlətçiliyimizin qurulmasına bundan sonra da öz səylərimizi qoyaq.
Ona görə mən yenə də deyirəm ki, belə hallar var. Mən istərdim ki, belə hallar olmasın. Xarici dairələrin kifayət qədər media resursları var ki, onların vasitəsilə istədiklərini bildirsinlər, xüsusilə yenə də deyirəm, internet dövründə bunu etmək o qədər də çətin deyil”.

Prezident jurnalistlərin hüquqları haqqında da danışıb: “Jurnalistlərin hüquqları tam şəkildə qorunmalı, müdafiə olunmalıdır. Jurnalistlərə qarşı hörmətsizlik, zorakılıq edilməməlidir. Düzdür, biz Azərbaycanda artıq belə hallar ilə rastlaşmırıq. Ancaq hesab edirəm ki, bu sözlərin mənası öz təsirini göstərəcək.

Bununla bərabər, Azərbaycanda bütün kateqoriyadan olan insanların hüquqları qorunmalıdır. Bu istiqamətdə əlbəttə ki, biz daha da böyük addımlar atmalıyıq. Mən onu da demək istəyirəm və tam əminəm ki, Azərbaycanda bütün vətəndaşlar - Prezidentdən başlamış adi vətəndaşa qədər - bərabərhüquqlu vətəndaşlar olmalıdır. Yəni, qanun qarşısında heç kimin imtiyazı ola bilməz. Hansısa peşə sahibi olmaq o demək deyil ki, bu, kiməsə immunitet yaradır, yaxud da ki, kimisə toxunulmaz edir. Jurnalist həmrəyliyi çox yaxşı şeydir və mən bunu bəyənirəm. Ancaq bəzi hallarda biz bunu görürük ki, jurnalist həmrəyliyi qanunu da, qanunvericiliyi də kənara qoyur və sadəcə olaraq, jurnalistlərin hüquqlarının qorunması məsələləri ilə bağlı fikirlər ortaya qoyulur. Biz burada hüquqların qorunması ilə bərabər, eyni zamanda, qanunun aliliyini də təmin etməliyik.

Mən hesab edirəm ki, jurnalistikada vətənpərvərlik mövzuları ilə bağlı daha da ciddi işlər aparılmalıdır. Xüsusilə, müharibə şəraitində olan ölkələrdə bu, daha da böyük məna daşıyır. Azərbaycan müharibə şəraitində yaşayır. Ona görə gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində medianın müstəsna xidmətləri vardır. Əlbəttə ki, burada dövlət dəstəyi və dövlət siyasəti çox mühümdür və bu siyasət məqsədyönlü şəkildə aparılır. Azərbaycanda vətənpərvərlik mövzuları çox geniş işıqlandırılır. Gənclərin tərbiyəsi ilə bağlı məsələlər, idman sahəsindəki uğurlarımız, ordu quruculuğu sahəsində aparılan işlər - bütün bunlar bir məqsədi güdür ki, biz Azərbaycan xalqında vətənpərvərlik ruhunu və duyğularını daha da artıraq, gücləndirək.

Medianın bu sahədəki fəaliyyəti əvəzolunmazdır. Məsələn, hansısa telereportajda, ya hansısa yazılı mətbuatda vətənpərvərlik ilə bağlı çox ciddi və mənalı mövzuların işıqlandırıldığını görəndə bu, məni çox sevindirir. Mən hesab edirəm ki, biz bu istiqaməti daha da gücləndirməliyik. Ümumiyyətlə, mən məmnunluq hissi ilə deyə bilərəm ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan mediasında birmənalı mövqe var. Bu, çox vacibdir. Bu, milli məsələdir, ümummilli məsələdir. Bu məsələdə siyasi maraqlar kənara qoyulmalıdır. Bu məsələdə iqtidar-müxalifət münasibətləri ümumiyyətlə olmamalıdır. Bu məsələ ilə bağlı heç kim spekulyasiya etməməlidir. Bu, bizim ümummilli məsələmizdir, əsas məsələmizdir, əsas problemimizdir. Bütün Azərbaycan xalqı birləşərək bu məsələni həll edə bilər. Ona görə bu məsələ ilə bağlı həm ölkə daxilində, həm də xüsusilə sizin beynəlxalq media nümayəndələri ilə əlaqələrdə biz daha da fəal iş aparmalıyıq. Biz özümüz özümüzü inandırmamalıyıq, biz onsuz da bilirik, nələr baş verib.

Sadəcə olaraq bu mövzu daim gündəlikdə olmalıdır. Mən Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşümdə bu barədə öz fikirlərimi söylədim ki, biz heç vaxt sakitləşməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyənə qədər biz daim Ermənistana qarşı bütün istiqamətlərdə, bütün yollarla, bütün formalarda hücum siyasətini aparmalıyıq.

Ona görə ölkə daxilində, sadəcə olaraq bu mövzu daim işıqlandırılmalıdır. O ki qaldı, xarici mətbuatla bağlı məsələlərdə, biz çalışmalıyıq ki, öz mövqeyimizi daha da dolğun şəkildə və daha da ağıllı şəkildə çatdıraq. Xüsusilə nəzərə alsaq ki, həqiqət bizim tərəfimizdədir - faktlar, materiallar, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması. Bu siyasəti törədənlər hərbi cinayətkarlardır. Vaxt gələcək onlar bu cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər. Ona görə mən hesab edirəm ki, biz bu istiqamətdə daha da ciddi işlər aparmalıyıq.

Bununla bərabər, əlbəttə ki, qeyd etdiyim kimi, bütövlükdə bu məsələ ilə bağlı Azərbaycan mətbuatında vahid mövqe var, amma istisnalar da olur. Bu, əlbəttə ki, çox üzücü bir haldır. Azərbaycan cəmiyyətində, Azərbaycan mediasında bu məsələ ilə bağlı başqa fikir ola bilməz. Separatçılara bəraət qazandırmaq, onlardan müsahibə götürmək, onları təbliğ etmək, azərbaycanlıları dəhşətli günahlarda suçlandırmaq - bu bağışlanmazdır. Gör bu adamlarda Azərbaycan xalqına nə qədər nifrət var ki, onlar Azərbaycan vətəndaşlarının, günahsız insanların qanını axıdanları Azərbaycan mətbuatında təbliğ edirlər. Bəli, təkcə Azərbaycan mətbuatında deyil. Əgər təkcə burada olsaydı, dərd yarı idi. Beynəlxalq arenada Azərbaycana mənfi münasibət bəsləyən dairələrə elə bil ki, bu, əlavə bir arqument verir, onların dəyirmanına su tökür və bundan istifadə olunur. Belə yazıların erməni mətbuatında çıxması, beynəlxalq mətbuatda çıxması - bütün bunlar Azərbaycana qarşı koordinasiya şəklində aparılan siyasətin bir tərkib hissəsidir. Yəni mən buna heç söz tapa bilmirəm. Bu məsələ ilə bağlı fikirləri sözlə ifadə etmək çətindir. Hesab edirəm ki, Azərbaycan mediasında belə hallara qarşı çox ciddi və operativ reaksiya verilməlidir. Bu məsələ ilə bağlı jurnalist həmrəyliyi olmamalıdır, vətəndaş həmrəyliyi olmalıdır”.

J urnalistlərin məişət şəraiti ilə bağlı məsələlərlə əlaqədar Mətbuat Şurasından təkliflər gözlədiyini deyən ölkə başçısı Azərbaycan dövlətinin bu sahədə öz dəstəyini göstərəcəyini bildirib.

Daha sonra prezident İlham Əliyev Mətbuat Şurasının idarə heyətinin üzvləri – Vüsalə Abışovaya və Əflatun Amaşova “Əməkdar Jurnalist”, Umud Mirzəyevə və Tapdıq Abbasa “Əməkdar Mədəniyyət İşçisi” fəxri adlarının vəsiqələrini təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR