İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov: “Biz heç bir qüvvənin əlində vasitə ola bilmərik” - MÜSAHİBƏ

İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov: “Biz heç bir qüvvənin əlində vasitə ola bilmərik” - <font color=red>MÜSAHİBƏ</font>
# 30 avqust 2010 16:24 (UTC +04:00)
- İctimai TV 5 il üçün qarşıya qoyulan missiyanı yerinə yetirə bildimi? İctimai Teleradionu həqiqətən də ictimaiyyətin televiziyası adlandırmaq olarmı?

- İctimai Televiziyanın ötən 5 ilini uğurlu adlandırmaq olar. Televiziyanın bu günki modeli böyük auditoriya tərəfindən qəbul olunur, bəyənilirsə, deməli, İctimai Teleradio ictimaiyyətin televiziyasıdır. Bəlkə də bu sualı ictimaiyyət nümayəndələrinə ünvanlamaq daha doğru olardı. Amma bizim yerli və beynəlxalq həmkarlarımızın rəyinə, eləcə də ayrı-ayrı sorğuların və monitorinqlərin nəticəsinə istinad etsək, sualınıza müsbət cavab vermək olar.

- Yaxın vaxtlarda İctimai Televiziyada hansı yeni layihələr görə biləcəyik?

- Biz əvvəllər layihələrimiz barədə öncədən danışırdıq, mətbuatdan bu barədə verilən sualları cavablandırırdıq. Amma bildiyiniz kimi, İctimai Televiziyanın hətta efirdə olan layihələri belə bəzən oğurlanır. Ona görə də layihələrimiz tam hazır olandan sonra, anonsunu efirə verib bu barədə danışırıq. Bu, həm də tamaşaçılarımız üçün bir sürpriz olur.

- Yeri gəlmişkən, mətbuatda tez-tez bəzi kanallarda İctimai Televiziyanın proqramlarına bənzərlik, ideyalardan istifadə ilə bağlı müzakirələr olur...

- Bunu təbii qarşılayırıq və qısqanclıqla yanaşmırıq. Onsuz da hər verilişin xüsusi tamaşaçı auditoriyası var. İndiki çox ayıq seyrçilər anındaca bilirlər ki, bu fikir, bu görüntü, bu təqdimat hansı mənbədən götürülüb. Əgər bizdən nəyisə götürüb, bizə bənzəmək istəyən varsa, lap yaxşı. Qoy olsun.

- Bəzi kanallarda populyar müğənnilər teleaparıcı kimi çıxış edir. Sizin efirinizdə bu təcrübəyə niyə müraciət olunmur?

- Açığını deyim ki, həmin televiziyalarda gördüyünüz müğənnilərin böyük əksəriyyəti öncə bizə müraciət edirlər. Biz belə bir formatı qəbul etmirik. Çünki biz efirdə nəinki, müğənnilərin, hətta öz aparıcılarımızın populyarlığı və imici arxasında gizlənmək istəmirik. Bizim üçün əsas mövzudur, cəmiyyətə ötürdüyümüz, əxs etdiyimiz fikir və ideyadır. Efirimizə diqqət kəsilən hər bir kəs onun cazibə qövvəsində olmalıdır. Bu vacib prinsipdir.

- İctimai Televiziyanın fəaliyyəti birmənalı qarşılanmır. Xüsusən müxalifət təmsilçiləri televiziyanın fəaliyyətini kəskin tənqid edərək, cəmiyyətin bütün təbəqələrinə, əsasən də müxalifətə yer ayırmadığını irad tuturlar. Buna münasibətiniz? Niyə İctimai Televiziyanın efirində müxalifət liderləri az görünür?

- Mən deməzdim az görünürlər. Müxalifət nümayəndələri daim İctimai Televiziyanın bu və digər proqramlarına dəvət olunur, polemikalarda iştirak edir, onların mövqeyi işıqlandırılır. Bundan başqa, müxalifət partiyalarının elə bir tədbiri olmur ki, o, İctimai Televiziyanın efirində işıqlanmasın. Bu gün ayrı-ayrı qüvvələr İctimai Televiziyaya təsir edərək, əlavə efir vaxtı udmaq istəyirlər. Necə deyərlər, İctimai Televiziyadan, onun imicindən bir tribuna kimi istifadə etməyə çalışırlar. Amma bu, “İctimai Televiziya haqqında” qanuna və ictimai yayımın prinsiplərinə tam ziddir. Biz siyasi baxışlarından asılı olmayaraq cəmiyyətin bütün zümrələrinə həmişə bərabər imkan yaratmışıq və bu imkandan hamı bərabər yararlana bilər. Bu, həmişə belə olacaq. Bu dəyişməz prinsipi ATƏT-in bu günlərdə keçirdiyi dəyirmi masada da bir daha bəyan etdim. Biz heç bir qüvvənin əlində vasitə ola bilmərik.

- Qarşıdan parlament seçkiləri gəlir. İctimai Televiziya seçkilərlə bağlı hansı layihələr həyata keçirəcək?

- İctimai Televiziya artıq seçkilərlə bağlı layihələrin yayımına başlayıb. Hazırda seçici fəallığını artırmaq üçün İctimai Televiziyanın efirində “Xalq seçir” proqramına start verilib. Bu, maarifləndirici proqramdır. Hər dəfə seçkilərdən öncə Mərkəzi Seçki Komissiyası ilə birlikdə seçicilərin maarifləndirilməsi və onların seçkiyə daha fəal qoşulması üçün bu cür proqramlar yayımlayırıq.

- İctimai Televiziyanı başqa kanallardan fərqləndirən nədir?

- İctimai Televiziyanın xəlqiliyi, milliliyi, ailəviliyi, maarifləndirici missiyası və daim ucuz şoulardan qaçması bizi digərlərindən fərqləndirir. Bizim proqramlar heç vaxt kütləyə hesablanmır. Əksinə, biz həmişə kütlənin vətəndaşa, xalqa, millətə çevrilməsinə hesablanmış verilişlərə üstünlük veririk. İctimai Televiziya cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi yönümündə aparılan işə dəstək verir. Çox təəssüf ki, Azərbaycanın efir məkanında insanları primitivləşdirən, onları vətəndaş məsuliyyətindən uzaqlaşdıran ucuz, bayağı şoular hələ də qalmaqdadır. Bu bizim mənəviyyatımıza böyük zərbə vurur. Biz isə öz proqramlarımızla adamları düşünməyə vadar edə bilirik.

- Sizi nə qədər tamaşaçı izləyir. Bununla bağlı dəqiq bir söz deyə bilərsinizmi?

- Bu sualı mənə çox ünvanlayırlar. Sadəcə onu deyə bilərəm ki, əgər söhbət reklam reytinqindən gedirsə, bu yerüstü otürücülərlə hesablanır. Bu gün Azərbaycanın İctimai Televiziyasını bütün dünyadakı soydaşlarımız izləyirlər. Biz iki ötürücü ilə - “Hotbird” və “Turksat”la dünyanın təxminən yarısına, internet vasitəsi ilə isə bütün dünyaya yayımlanırıq. Təkcə Arazın o tayında bizim on milyonlarla izləyicimiz var. Bir misal deyim, hər cümə günü yayımlanan “Qərib axşamlar” proqramına telefon vasitəsi ilə qoşulmaq istəyən xaricdəki soydaşlarımızın sayı-hesabı olmur. Əgər bu verilişdə hər-hansı bir ləngimə olarsa, xaricdəki soydaşlarımızdan çoxsaylı təpki ilə üzləşirik. Eyni zamanda bizim keçirdiyimiz sorğular onu deməyə əsas verir ki, İctimai Televiziyanın çox geniş auditoriyası var. Onu da qeyd edim ki, bütün dünyada ictimai yayımçılar heç vaxt reytinq dalınca qaçmırlar, amma ən tanınmış kanallardır. Elə ictimai teleradio da.

- Sizin aparıcılar nə ilə fərqlənir?

- İntellektləri ilə, ən azından danışdıqlarını bilmələri ilə. Bizim proqramları diqqətlə izləyənlər bilir ki, bütün aparıcılarımız həmin sahənin mütəxəssisi qədər öz işlərini gözəl bilirlər. Məsələn, musiqi proqramlarında Leyla Əliyeva, Hüsniyə Məhərrəmova, Könül Arifqızı həm də dərin musiqi savadına malikdirlər. “Açıq dərs” proqramının aparıcısı Cəsarət Valehov təhsili, ictimai-siyasi verilişlərin aparıcıları Anar Yusifoğlu, Füzuli İsmayılov və Vəsilə Vahidqızı isə siyasi hadisələrin təhlilində heç də öz qonaqlarından geri qalmırlar.

- İctimai Televiziya bu beş ildə hansı resursları əldə edib?

- Biz ötən beş ildə çox şey əldə etmişik. İctimai Televiziyanın iki böyük inzibati binası var və burada ən müasir şərait yaradılıb, şirkətimizdə ən son texniki avadanlıqlar quraşdırılıb, ən müasir studiyalarımız var. Şirkətimizin avtomobillərinin saxlandığı qaraj deyərdim ki, çox müasir studiyanı xatırladır. Hazırda istənilən yerdən canlı proqramlar və telekörpülər qurmaq üçün Səyyar Televiziya Stansiyalarımız var. Bundan başqa, Qubanın gözəl guşələrindən birində əməkdaşlarımız üçün 10 hektarlıq ərazidə ən müasir kotejlərdən ibarət istirahət kompleksi yaradılıb.

- Buna nəyin hesabına nail ola bilmisiniz?

- Dövlətimizin, millətimizin, Prezidentimizin diqqəti və qayğısı ilə. Bu qayğı olmasaydı 5 ildə bu işləri görmək mümkün olmazdı. Möhtərəm Prezidentimizin himayəsi İctimai Teleradionun təşəkkülündə tam formalaşmasında və inkişafında müstəsna rol oynayıb. Gündəlik proseslərin əsas icraçısı isə İctimai Teleradionun kollektividir. Biz kollektivi müsabiqə yolu ilə formalaşdırmışıq. İntellektinə və savadına güvənən gənclər İctimai Teleradioda cəmləşib. Biz onların peşəkarlıq səviyyəsini artırmaq üçün çoxsaylı treninqlər təşkil etmişik və bu işlər davam etdirilir. Xaricdəki həmkarlarımızla təcrübə mübadilələrimizin də kollektivin peşəkarlığının artırılmasında rolu var. Bu kollektiv İctimai Teleradionun daim inkişafının təminatçısı rolunda çıxış edir. Bizim əsas fərqimiz şirkətimizdə mövcud olan yaradıcılıq atmosferidir. Məncə hər bir şirkət canlı orqanizmdir və özünəməxsus aurası var. İctimai Teleradioda olan mühit öz şəffaflığı, müsbət impuls və enerjisi ilə köklü dərəcədə fərqlidir. Burda ciddi bir yarış mühiti var. Bu isə uğurun əldə olunmasında az rol oynamır.

- Bəs hansı problemləriniz var?

- İctimai Teleradionun ən böyük problemi onun peşəkar, populyar əməkdaşlarının başqa yerli və xarici telekanallara işə dəvət olunmasıdır. Bunun qarşısını almaq şəxsən mənim işim və qayğımdır.

- Büdcənizin azlığı ilə bağlı fikirlər səslənir. Bu, işinizə çoxmu mane olur?

- Yaradıcı sahədə pulun deyil, intellektin azlığı faciədir. Çox güclü dövlətimiz var, daim bizi dəstəkləyir. Dövlətdən aldığımız dəstək deyərdim ki, az büdcə ilə çox işlər görməyə və İctimai Teleradionu beynəlxalq səviyyəli bir ictimai yayımçıya çevirməyə imkan verir. Çətinə düşəndə ölkə başçısına müraciət edirik və hər şey öz həllini tapır. Ona görə də gileylənməyə haqqımız yoxdur.

- Avropa Yayımları Birliyinin Azərbaycandan yeganə üzvüsünüz. Bu quruma ancaq ictimai yayımçılar qəbul edilir?

- Avropa Yayımları Birliyinə 56 ölkədən 77 teleradio qurumu üzvdür. Buraya yalnız ictimai yayımçılar deyil, həm də Avropa standartları ilə işləyən və ictimai xarakterli proqramlar yayımlayan kanallar üzvlüyə qəbul olunur. Əsas kanalların imkanları, mahiyyəti və Avropa dəyərlərinə cavab verməsi qiymətləndirilir.

- İctimai Teleradionun beynəlxalq əlaqələri necə qurulub?

- İctimai Teleradio Avropa və Asiya Yayımları Birliyinin üzvü olmaqla yanaşı, həm də dünyanın digər bir çox yayım qurumları ilə - Afrika Yayımları Birliyi və Şimali Amerika Yayımları Assosiasiyası ilə yaxın əlaqələr qurub. Avropa Yayımları Birliyinin 64-cü yay sessiyasının Bakıda keçirilməsi İctimai Teleradionun beynəlxalq əlaqələrinin hansı səviyyədə olmasının bir göstəricisidir. Biz bu gün BBC, Almaniyanın ZDF, Fransanın CFİ, Koreyanın KBS, Macarıstanın “Duna”, Türkiyənin TRT və dünyanın digər nəhəng ictimai yayımçıları ilə səmərəli, gərəkli əməkdaşlıq əlaqələri qurmuşuq. Milli maraqlarımızdan irəli gələn bəzi proqramlarımızın yayımı zamanı dünyanın bir neçə nüfuzlu yayımçısı ilə telekörpülər vasitəsilə bağlana bilirik. Bu, mən deyərdim ki, bizim ən böyük nailiyyətlərimizdən biridir. İctimai Televiziya artıq Azərbaycan reallıqlarının beynəlxalq yayımçısı kimi tanınır. Bu, böyük uğurla yanaşı, həm də çox ciddi məsuliyyətdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR