Bank Of Baku

Azərbaycanda daha iki KİV-in adı Mətbuat Şurasının “qara siyahı”sına salınıb

Azərbaycanda daha iki KİV-in adı Mətbuat Şurasının “qara siyahı”sına salınıb
# 11 noyabr 2010 13:26 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının növbəti iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin rəhbərlik etdiyi komissiya Şikayətlər üzrə Komissiyanın və Şura Katibliyinin 6 qəzetlə bağlı təqdimatları ətrafında müzakirələr aparıb. V. Rəhimzadə araşdırılacaq məsələlərin xüsusiyyətləri barədə məlumat verərək bildirib ki, burada əsasən iki cəhət nəzərə çarpır: “Elə qəzetlər var ki, onlar ucuz sensasiya yaratmaq istəkləri ilə ictimaiyyət içərisində özlərinə qarşı kəskin reaksiyanın formalaşmasına səbəb olublar. Ən başlıcası isə onlar yolverilməz hərəkətləri ilə milyonlarla insanın heysiyyatına toxunurlar. Belə media vasitələrinin etdikləri hansısa təmənna umaraq peşə davranışı qaydalarını pozanlardan heç nə ilə fərqlənmir”. Buna görə Şikayətlər üzrə Komissiya onlarla bağlı məsələlərə dair yekun rəyin verilməsini «Reket jurnalistika»ya qarşı Komissiyaya tövsiyə edib.

V.Rəhimzadə ikinci qrupa daxil olan KİV-in fəaliyyəti üçün təmənna xarakterli telefon zənglərinin, hansısa məsələ ilə bağlı guya məlumatlı olmanın bildirilməsinin, həmin məsələ barəsində susmaq üçün qapalı, əksər hallarda açıq eyhamların vurulmasının, istək ödənilmədiyi təqdirdə açıq şantaj üsullarına əl atmanın, bunun üçün anonsdan istifadənin və digər cəhətlərin xarakterik olduğunu vurğulayıb.

Komissiya üzvləri diqqəti bəzi qəzetlərin materiallarında təhqir və böhtan atılmasının, bəzən ən ağır cinayətlərdə ittihamlandırmanın bariz tendensiyaya çevrildiyini narahatlıqla bildiriblər. Qeyd olunub ki, ayrı-ayrı şikayətlərdə KİV-in məhkəmə, hakim və müstəntiq rolunda çıxış etməyə cəhd göstərdikləri də əksini tapıb.
Müzakirələrdən sonra 2 KİV-in adının Mətbuat Şurasının «qara siyahı»sına salınması, 4-ü barədə araşdırmaların davam etdirilməsi rəyinə gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR